Yazar Ulucay Akifin bacısı Gülənay Məmmədovanın Bakıda yerləşən "Məlhəm Beynəlxalq Hospital"da dünyaya gətirdiyi körpənin səhhətindəki problemlər kəskin olaraq qalır.
Qaynarinfo Ulucay Akifə istinadla xəbər verir ki, körpənin müalicə prosesi hazırda da davam edir.
Yazarın verdiyi məlumata görə, uşaq artıq üç aydan çoxdur evə buraxılıb, lakin səhhəti ilə bağlı problemlər qalmaqdadır. Həkimlər müalicənin uzun illər davam edə biləcəyini bildirir, eyni zamanda körpənin tam sağlamlığına qovuşacağı ilə bağlı dəqiq proqnoz vermirlər.
Məsələ 2025-ci ilin oktyabrında baş verən doğuş hadisəsindən sonra ictimailəşmişdi. Gənc yazar, Ulucay Akif bacısı Gülənay Məmmədovanın Bakıda yerləşən "Məlhəm Beynəlxalq Hospital"da ilk övladını dünyaya gətirdiyini, lakin doğuş zamanı həkim səhlənkarlığı nəticəsində körpənin ağır vəziyyətdə doğulduğunu iddia etmişdi. Onun sözlərinə görə, körpənin beynində ciddi zədələnmə və sinir sistemi problemləri aşkarlanıb, aparılan müayinələrdən sonra həkimlər vəziyyətin son dərəcə ağır olduğunu bildiriblər. Ailə bununla bağlı prokurorluğa müraciət etdiklərini açıqlamışdı.
Ulucay Akif həmin vaxt hospital rəhbərliyini məsuliyyətdən yayınmaqda ittiham etmiş, hamiləlik dövründə mümkün risklər barədə ailəyə məlumat verilmədiyini bildirmişdi. Onun iddiasına görə, doğuşdan sonra problemin səbəbi kimi göbək ciyəsi ilə bağlı arqumentlər irəli sürülüb, lakin bu hallar daha əvvəl aparılan müayinələrdə məlum olub və ailə bu barədə rəsmi şəkildə xəbərdar edilməyib.
Hazırda isə tərəflər arasında mübahisə yeni mərhələyə keçib. Ulucay Akifin son açıqlamasına görə, körpənin müalicəsi ilə bağlı xəstəxana–ev–həkim arasında davamlı gediş-gəlişlər var, fizioterapiya, müayinələr və dərman xərcləri ailə üçün ciddi maliyyə yükü yaradıb. Bildirilir ki, bu müddət ərzində 25 min manatdan artıq vəsait xərclənib və xərclərin bir hissəsi bank krediti hesabına qarşılanıb.
Eyni zamanda, ailə ilə "Məlhəm Beynəlxalq Hospital” arasında hüquqi mübahisə yaranıb. Ulucay Akifin sözlərinə görə, hospital onları məhkəməyə verərək təxminən 14 min manat borcun ödənilməsini tələb edir. Ailə isə doğuş üçün ödənişin edildiyini təsdiqləyən qəbzlərin məhkəməyə təqdim olunduğunu, yalnız körpənin doğuşdan sonra hospitalda qaldığı müddət üçün ödəniş etmədiklərini bildirir. Bunun səbəbi kimi isə baş verənlərə görə məsuliyyəti həkim və hospitalın daşıdığını bildirir.
Şikayətçi tərəf həmçinin bildirir ki, məsələ ictimailəşdikdən sonra hospital rəhbərliyi və doğuşu həyata keçirən həkim Pərvin Xəlilova tərəfindən media və sosial şəbəkələrdə ödəniş tələb olunmayacağı ilə bağlı açıqlamalar verilib. Həmin açıqlamaların və videomaterialların məhkəməyə sübut kimi təqdim edildiyi qeyd olunur.
Ulucay Akif prokurorluğa və məhkəməyə təqdim edilən materiallarda doğuşdan sonra tibbi müdaxilələrin gecikməsi, pediatrın dərhal cəlb edilməməsi, kompüter tomoqrafiyasının bir neçə gün sonra aparılması və bəzi sənədlərin doğuşdan sonra imzaladılması kimi məqamların da yer aldığını bildirib. Onun sözlərinə görə, bu faktlar tibbi səhlənkarlıq iddiasını əsaslandırır.
"Burada uzunçuluq edib sizi də yormaq istəmirəm. Dediyim kimi, bütün faktlarımızı məhkəmə və prokurorluğa təqdim etmişik. Xəstəxana rəhbərliyinin bu qeyri-insani davranışını isə heç cür qəbullana bilmirəm. Yəni həkimlər, xəstəxanalar üçün insana münasibət budur? İnsan onlar üçün sadəcə ət parçasıdır? Sadəcə gəlir mənbəyidir? Sən həm kiminsə uşağını bu hala sal, ailəyə faciə yaşat, həm də bu heçnəymiş kimi bir də məhkəməyə verib əlavə pul almağa çalış? Puldan başqa dəyər yoxdu sizin üçün? Gecə başınızı yastığa necə rahat qoyub yatırsınız? Məni, həqiqətən də, çox təəccübləndirir, məyus edir belə şeylər. İnsana və insanlığa, həmçinin ölkəyə olan inamımı azaldır. Amma yenə də müvafiq hüquq orqanlarının bütün bu baş verənləri ədalətli qiymətləndirəcəyinə ümid edirəm və inanıram"- deyə Ulucay Akif bildirir.
Hazırda faktla bağlı prokurorluqda araşdırma aparıldığı, eyni zamanda mülki qaydada məhkəmə prosesinin davam etdiyi bildirilir. Hospital tərəfindən son iddialarla bağlı rəsmi açıqlama verilməyib.
Şərhlər