Xəbər lenti

Əsrin məhkəməsi bitdi: Hərbi cinayətlərdə ittiham olunan 15 nəfərə hökm oxundu (YENİLƏNİB)
Siyasət 16:16 05.02.2026

Əsrin məhkəməsi bitdi: Hərbi cinayətlərdə ittiham olunan 15 nəfərə hökm oxundu (YENİLƏNİB)

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, məhkəmənin qərarı ilə Qarabağdakı keçmiş qondarma rejimin başçılarından Arayik Harutyunyana, "müdafiə naziri" Levon Mnatsakanyana, "parlamentin sədri" Davit İşxanyana, "xarici işlər naziri" David Babayana, Ermənistan silahlı qüvvələrinin general mayoru David Manukyana ömürlük həbs cəzası verilib.

Qarabağdakı keçmiş qondarma rejimin başçılarından olan Arkadi Qukasyan və Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edilib.

Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirakını etiraf edən, Qarabağdakı keçmiş qondarma rejimin silahlı dəstələrinə könüllü qoşulan Madat Babayan isə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməyib.

Lakin şəxslər ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunur və həmin ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib.

Bunlarla yanaşı Ermənistan Respublikası silahlı qüvvələrində xidmət etmiş Melikset Paşayan 19 il, Qarabağdakı keçmiş qondarma rejimin "dövlət naziri" Qarik Martirosyan 18 il, "Təhlükəsizlik Şurasının üzvü" Davit Allahverdiyan və qanunsuz birləşmələrin üzvü Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan, Erik Qazaryan isə hər biri 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə günahkar biliniblər.
 

 
14.42

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Qaynarinfo-nun xəbərinə görə, qeyd edilib ki, təqsirləndirilən Madat Babayanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.

Hökmə əsasən təqsirləndirilən M.Babayan qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxs M.Babayanın 20 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

13.50
 
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Qaynarinfo-nun xəbərinə görə, qeyd edilib ki, təqsirləndirilən Bako Sahakyanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.

Hökmə əsasən təqsirləndirilən Bako Sahakyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Təqsirləndirilən Arkadi Qukasyanla bağlı da eyni qərar verilib. O, ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz. 

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxslərin 20 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.
 
13.23

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində daha iki təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, hökmə əsasən təqsirləndirilən şəxs Davit İşxanyan və David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxslərin ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

13.08

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Qaynarinfo xəbər verir ki, hökmə əsasən təqsirləndirilən Arayik Arutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Həmçinin Levon Mnatsakanyan və David Manukyan ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxslərin ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.

12.23
 
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Qaynarinfo xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edirlər.


--> -->