Xəbər lenti

Kazan görüşündə hansı mesajlar verildi? (ŞƏRH)
Siyasət 14:09 25.10.2024

Kazan görüşündə hansı mesajlar verildi? (ŞƏRH)

"Kazanda Azərbaycan və Ermənistan liderləri tərəfindən səslənən bəyanatlar bir növ siyasi mesajlardır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov BRİCS-in Kazan sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında reallaşan görüşü şərh edərkən deyib.

"Bu mesajları da xarici ünvanlara göndərməklə bəyan edirlər ki, ölkələr danışıqları davam etdirməyə və qalan məsələləri sülh yolu ilə həll etməyə hazırdır. Başqa bir mesajda isə problemlərin qaldığı da de-fakto qeyd olunub. Neçə faiz olmasına baxmayaraq bu problemlər öz həllini danışıqlar yolu ilə tapacaq", deyə Tofiq Zülfüqarov bildirib.
 


Ancaq həmsöhbətimiz bu görüşün yaxın zamanlarda növbəti irəliləyişə gətirib çıxaracağına inanmır:

"Çünki problemlər olduğu kimi qalır. Azərbaycanın bəyan edib ki, qalan problemlər də öz həllini tapmalıdır. Söhbət Ermənistan konstitusiyasında dəyişiklikdən gedir. Onu da başa düşürük ki, konstitusiya dəyişikliyi heç də sadə məsələ deyil. Azərbaycanın tələb etdiyi dəyişikliklərə nail olmaq üçün Ermənistan referendum keçirməlidir. Ermənistanın rəsmi ideologiyası Qarabağı özlərinə birləşdirmək iddiasından ibarətdir. Azərbaycan istəyir ki, referendum nəticəsində Ermənistan dövləti və ictimaiyyəti bu "siyasi layihə"yə son qoyulmasına qərar versin. Bu olmadan hansısa sənədə qol çəkilməsi məsələnin öz həllini tapması anlamına gəlməyəcək. Ona görə də məsələnin tez zamanda həllini tapacağını deyənlər yanılırlar. Onlar hesab edirlər ki, söhbət sadəcə hansısa məntdən gedir".



Qeyd edək ki, oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. 

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->