Xəbər lenti

Aİ hökumətlərə xəbərdarlıq etdi: Yanacaq təchizatında uzunmüddətli fasilə...
Dünya 18:48 31.03.2026

Aİ hökumətlərə xəbərdarlıq etdi: Yanacaq təchizatında uzunmüddətli fasilə...

Avropa İttifaqı ölkələrinin hökumətləri İranla bağlı müharibə səbəbindən enerji daşıyıcılarının tədarükündə uzunmüddətli fasilələrə hazırlaşmalıdır. Bu barədə Avropa Komissiyasının energetika üzrə komissarı Dan Yorgensen bildirib.

Qaynarinfo bu barədə "Reuters” agentliyinə istinadən xəbər verir.

Agentliyin tanış olduğu məktubda komissar hökumətlərə enerji daşıyıcılarının tədarükündə uzunmüddətli fasilələr halı üçün tədbirlər görməyi tövsiyə edib. Yorgensen qeyd edib ki, Brüssel xüsusilə Avropaya aviasiya yanacağı və dizel tədarükü ilə bağlı narahatdır.

O, həmçinin Aİ-yə üzv ölkələrə neft məhsulları ticarətini məhdudlaşdıran və ya Avropa neft emalı zavodlarında istehsalı zəiflədən tədbirlərdən çəkinməyi tövsiyə edib: "Üzv dövlətlərə neft emalı zavodlarında təcili olmayan texniki xidmət işlərini təxirə salmaq tövsiyə olunur".

"Argus Media” şirkətində Avropa məhsulları üzrə şöbə rəhbəri Benedikt Corc gələcəkdə Aİ-də aviasiya yanacağı üzrə lokal çatışmazlığın mümkünlüyünü istisna etməyib. Onun sözlərinə görə, Hörmüz boğazı bağlanmazdan əvvəl oradan keçən son kerosin partiyalarının təxminən 10 aprel tarixində Avropaya çatması gözlənilir.

"Aviasiya yanacağının tam tükənməsi ilə bağlı real təhlükə yoxdur”, deyə ekspert bildirib və əlavə edib ki, Avropa ölkələrinin ehtiyatları kerosinə olan tələbatı üç aya qədər qarşılaya bilər.

Bununla belə, onun sözlərinə görə, ehtiyatlar azalaraq lokal çatışmazlığa və ya yüksək və qeyri-sabit qiymətlərə səbəb ola bilər.

"Reuters” qeyd edir ki, Aİ kerosinin təxminən 15 faizini Yaxın Şərq təchizatçılarından alır. Bundan əlavə, birlik Yaxın Şərq neftini emal edən Hindistandakı zavodlardan da aviasiya yanacağı əldə edir. Corcun sözlərinə görə, Aİ müəyyən dərəcədə Fars körfəzi ölkələrindən idxalı ABŞ xammalı ilə əvəz edə bilər, lakin bu, bütün kerosin həcmini əhatə etmir.

Eyni zamanda, nəşr vurğulayır ki, Hörmüz boğazının bağlanması Aİ-də neft və təbii qaz ehtiyatlarına ciddi təsir göstərməyib, çünki Avropa bu enerji daşıyıcılarının böyük hissəsini Yaxın Şərqdən kənar mənbələrdən idxal edir. Bununla belə, idxaldan asılılıq səbəbindən birlik qlobal enerji qiymətlərinə qarşı həssas olaraq qalır. Qeyd olunur ki, Yaxın Şərqdə müharibənin başlanmasından bəri Avropada qaz qiymətləri 70 faizdən çox artıb.

Aydın
--> -->