ABŞ-ın keçmiş vitse-prezidenti, 2024-cü il seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizəd olmuş Kamala Harris 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürmək ehtimalını nəzərdən keçirdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” yazır.
"Bəlkə də olacaq. Mən bu barədə düşünürəm. Dörd il ABŞ prezidentliyinə bir addım yaxın mövqedə xidmət etmişəm. Bu işin nə olduğunu və nələr tələb etdiyini bilirəm", deyə o, cümə günü Nyu-Yorkda Milli Fəaliyyət Şəbəkəsinin (NAN) tədbirində bildirib.
Onun sözlərinə görə, ötən il ölkə üzrə səfərlər edib, xüsusilə cənub ştatlarında və digər bölgələrdə çox vaxt keçirib və nəticədə mövcud vəziyyətin işləmədiyini və uzun müddətdir bir çox insan üçün effektiv olmadığını anlayıb.
Prezidentlik ehtimalından danışan Harris qeyd edib ki, bu məsələni "kimin, harada və necə Amerika xalqı üçün ən yaxşı işi görə biləcəyi" kontekstində dəyərləndirir və əlavə edib ki, ictimaiyyəti məlumatlandıracaq.
Əvvəlki seçkilərdə Donald Trampa uduzan Harris hazırkı Ağ Ev rəhbərini də sərt tənqid edib. O, Trampı "II Dünya müharibəsindən bəri ABŞ-ın müttəfiqlərə və dost ölkələrlə münasibətlərin əhəmiyyətinə inanmayan ilk prezidenti" adlandırıb.
Əvvəlki məlumatlara görə, Donald Tramp 2028-ci il seçkiləri üçün varis seçimi üzərində fəal işləyir. "Axios”un məlumatına görə, o, bu vəzifə üçün ən uyğun namizədlər kimi vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionu görür. Bildirilir ki, Tramp Vensə üstünlük versə də, Rubionu da həm açıq, həm də qapalı şəkildə tez-tez tərifləyir.
Mart ayının əvvəlində məlum olub ki, Tramp donorlar arasında varisi ilə bağlı sorğu keçirib və əksəriyyət Marko Rubionun namizədliyini dəstəkləyib. "NBC News” jurnalistlərinin fikrincə, bu, Rubionun administrasiyanın xarici siyasətindəki mərkəzi rolu sayəsində təsirinin artdığını göstərə bilər.
Marko Rubio isə 2025-ci ilin iyulunda mümkün varis kimi məhz Cey Di Vensin adını çəkib. O, yaxın dost olduqlarını vurğulayaraq bildirib ki, vitse-prezident vəzifəsinin öhdəsindən uğurla gəlir: "Düşünürəm ki, Cey Di Vens əla namizəd olardı. Əgər özü bunu istəsə".
Aydın
Şərhlər