İşıqlı Atalının Murad Köhnəqalanın Qaynarinfo-da dərc olunmuş "İfritə bacı" hekayəsi ilə bağlı yazısını təqdim edirik:
Murad Köhnəqalanın siam əkizləri konusunda hekayəsini ("İfritə bacı") oxudum.
Bir bədəndə iki baş.
Doğanın (Təbiətin) səhvini həkim səhvi ardıcıllaşdırır.
"Hansısa ali qüvvənin arxa fonda olayları idarə etməsi” ilə bağlı:
Yaşam (Həyat) nizamı var: İnsan doğulur, yaşayır, ölür.
Dünya Mənalıdır, gerçəklik təzadlı…
İnsan mahiyyətinin gerçəkləşməsində səhv yaranır.
Gerçəklik olayının hansısa biçimdə sona varması gözləniləndir.
Bu uşaqların ilişgilərində ifrat, anadangəlmə yaxınlıq – faciəvi biryerdəlik deməkdir.
"Təbiət istədiyi alınmayan rəssama oxşayır. Alınmır, cırır atır, alınmır, cırır atır…” (Asif Ata).
Normal bədənlilərin faciəviliyi azdırmı? Bəlkə yoxdur? Dünya gözəllərinin belə faciəvi yaşamları var. (Baxmayaraq ki, gözəllik yarışmalarını qəbul etmirəm. Məcnunun Leylisinin belə yarışmada nə işi var?)
İdeal bədən quruluşlu kişilərin, qadınların – hər cür maddi təminatlı insanların, faciəvi yaşamları, sonu gözümüzün qabağındadır.
Ölüm var. "Ölüm – Həyatın qaydasıdır” (Asif Ata).
***
Hekayənin sonluğu ilə bağlı: azı uyğun anda ata-anadan birinin olaydan xəbərdar olması, bundan sonra daha diqqətli davranmaları yarana bilərdi…
Nəsə, yazarlarımızın çoxu sayırlar, sonluq faciə ilə bitməlidir.
Ömrümüzdən çıxış etsək, hə. Gerçəklik faciəvi olaylarla doludur. İdeallığa uyğun hallar az olur.
Bəs sənət, ədəbiyyat nə üçündür?
Gerçəkliyi ötməyən, mənalandırmayan ədəbiyyat zamanın balasıdır.
Zamana uyğun ədəbiyyat hamılaşmanı artırır.
***
Çıxış yolu – yaşamdan tez getmək deyil.
Hekayədə müəllifin gedişatı istədiyi kimi bəlirləməsi təbii, yazar haqqıdır. Ancaq məncə, ata-ananın diqqətcilliyi tam ola bilərdi. O zaman hekayə bəlkə dadsız-duzsuz olardı; düşünürəm, yox.
Yaxşı sonluqlu əsər insanları ruhlandırır. Kədərli mahnılar, sonu faciəvi kliplər, əsərlər insanların göz yaşlarını axıdır, etki göstərir, ilgi yaradır, ancaq hər əsərə də əsər demək olmur.
Füzulinin "Leyli və Məcnun”u mahiyyətcə faviəvi olsa da, ilahi kədərinin mayasında Fərəhə təndir. Çünki mahiyyətə qovuşma – ölümsüzlük yaradır. Ancaq bu, unutmayaq ki, Füzulinin bənzərsiz təxəyyülünün məhsuludur.
Gerçəklikdə hə, iki aşiq qovuşa bilmir.
O qədər kədərli mahnılar var ki? Ancaq nədən Qədir Rüstəmovun ifasında "Sona bülbüllər”i sevirik? Ona görə ki, səs yiyəsinin halında Kədərlə Fərəh qoşalaşır, ikinci üstün gəlir, İnsanda sonsuz ümid yaradır.
Gözəl Əsər yazarın bənzərsiz – İnamlı, İdraklı, Mənəviyyatlı, İradəli halından yaranır.
***
Bədii əsər yüksək bədiyyatlı olduğu dərəcədə konusu ilə bağlı oxucuya elmi-fəlsəfi informasiya da verməlidir. Universallıq baş tutmalıdır.
Ədəbiyyatın yüksək insani missiyası bundan sonra daha da artmalıdır.
Yeni çağ məncə, ənənəvi ictimai-iqtisadi formasiya örnəyində olmayacaq. İnsanlar hər şeyi dişlərinə vurdular.
Yeni çağ İnsanlığa uyğun yaşayanların birliyinə əsaslanacaq.
Bu, onillər, hətta daha çox istəyir...
Bu olmayacaqsa – Yaşam (Həyat) da olmayacaq.
***
Ümumən Həyatda insanların birliyi olmadığından məcburi biryerdəlik onlara əzab verir.
İnsanların birliyini yaradan ruhsallıqdır: İnam, İdrak, Mənəviyyat, İradədir.
Adiliklər, eyniliklər, məzmunsuz yaşamlar adamları daha çox özlərindən bezdirir.
Özüylə bir olmayan başqasıyla da bir olmaz, ola bilməz.
Çağımızın elmi-texniki gəlişmələri İnsana xeyirdən çox əzab gətirir: İnsan yaratdığının əsirinə çevrilir, texnologiya onu ruhsuzlaşdırır.
İnsan adiləşəndə Həyat da adiləşir.
Elm-gerçəkliyi göstərir, bu səbəbdən də çıxış yolu deyil, gərəkliyini də dəyərdən salmaq olmaz.
***
İntihar - əlacsızlıqdır.
Hekayədə intihar yolunun seçilməsi ümumən insanın çağımızdakı durumunun – halsızlığının ifadəsi sayıla bilər.
Bəşərin durumu çaşqındır, insan "oxumuş cahil”ə çevrilir: özünü bilmir, öyrənmir, hər cür gəlişmə çeşidləri onu qaranlıqdan çıxara bilmir, əksinə, içindəki qaranlıq qatılaşır…
İnsanın özüylə üz-üzə qalması, özünü dərindən öyrənməsi ənənəsi yaranmalıdır.
Bu, tələsmədən, haysız-küysüz, nümayişsiz olsun gərək.
Dünyanın halı – ardıcıl halsızlıqdır, çünki İnsanın halsızlığı artır.
***
İnsan Doğanın (Təbiətin) səhvlərinə tən olduqca, Doğanın mahiyyətinə doğmalaşmadıqca, Yaşamını İnsanlığa uyğun qura bilmədikcə, İnama yetməyincə (ruhsallığını tam aşkarlamadıqca) gərginliklər daha da artacaq.
Dünya İnsanlı olanda Yiyəli (Sahibli) olacaq…
Yazara uğur diləyirəm.
Şərhlər