Alimlər son dərəcə uzun məsafə qət edən donqar balinaları aşkar ediblər. Onlardan biri 15 000 kilometrdən çox məsafə üzərək yeni dünya rekordu müəyyən edib.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC və "Discover Magazine" yazır. Daha əvvəl rekord 13 046 km məsafə qət edən balinaya məxsus idi.
Qozbel balinanın unikal "barmaq izi”
Avstraliyadakı Qriffit Universitetindən balina tədqiqatçısı Stefani Stek qozbel balinaların identifikasiyasının sadə üsulunu izah edib. Bunun üçün balinanın quyruq üzgəcinin fotosunu çəkmək kifayətdir.
Onun sözlərinə görə, quyruğun alt hissəsində hər balinaya xas olan qara-ağ piqment naxışı olur və bu naxış ömür boyu demək olar ki, dəyişmir.
Tədqiqat nəyi üzə çıxardı?
Alimlər 1984–2025-ci illər arasında Avstraliyanın şərqi və Latın Amerikasında çəkilmiş fotoşəkilləri analiz ediblər. Nəticədə iki balinanın həm Avstraliyada, həm də Latın Amerikasında qeydə alındığı müəyyən olunub.
Tədqiqatçı Stek bildirib ki, belə miqyasda uyğunluq tapmaq gözlənilməz olub.
Rekord məsafələr
Birinci balina 2007 və 2013-cü illərdə Avstraliyanın Hervey Bay bölgəsində, daha sonra 2019-cu ildə Braziliyanın San-Paulu sahillərində müşahidə olunub. Onun marşrutu təxminən 14 200 km təşkil edib.
İkinci balina 2003-cü ildə Braziliyanın Abrolhos Bank bölgəsində görülüb, daha sonra 2025-ci ildə Avstraliyanın Hervey Bay sahillərində yenidən qeydə alınıb. Bu səyahət təxminən 15 100 km olub və yeni dünya rekordu sayılır.
Davranış və miqrasiya haqqında yeni baxış
Alimlər bildirirlər ki, qozbel balinalar adətən eyni çoxalma bölgələrinə qayıdırlar. Lakin bu yeni məlumat onların miqrasiya davranışı barədə mövcud anlayışları yenidən nəzərdən keçirməyə vadar edir.
Qozbel balinaların insanlarla əlaqəsi
Daha əvvəlki araşdırmalar göstərib ki, qozbel balinalar bəzən insanlara qarşı maraqlı və "ünsiyyətə açıq” davranış nümayiş etdirir. Onların baloncuklarla yaratdığı dairəvi formaların hətta digər növlərə kömək məqsədi daşıya biləcəyi də ehtimal olunur.
Aydın
Şərhlər