İllər ərzində müxtəlif ölkələrin donanmaları güclü hərbi gəmilər inşa edib, lakin onlardan yalnız bir neçəsi tarixdə ən ölümcül və ən güclü döyüş platformaları sırasında yer alır.
Qaynarinfo xəbər verir ki, "SlashGear" portalı bu gəmilərdən ibarət TOP-5 siyahı hazırlayıb.
1. USS Gravely DDG 107
Bu, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Arleigh Burke” sinifli idarəolunan raket esminesidir. "USS Gravely" 30 mart 2009-cu ildə suya endirilib və 2010-cu ilin iyununda dəniz sınaqlarını uğurla tamamlayıb.
Bu sinif gəmilər çoxməqsədli imkanları, güclü silahlanması və inkişaf etmiş döyüş sistemləri ilə ən ölümcül platformalardan hesab olunur. Onların əsas elementi "Aegis” döyüş sistemidir. Bu sistem esminesə eyni anda bir neçə hədəfi izləməyə və məhv etməyə imkan verir.
2. HMS Queen Elizabeth Super Dreadnought
"HMS Queen Elizabeth” I Dünya müharibəsi dövrünə aid superdrednout döyüş gəmisidir və xətt gəmilərinin inkişafında mühüm mərhələ sayılır. Gəmi 1912-ci ildə inşa edilib, 1913-cü ilin oktyabrında suya salınıb və müharibə dövründə, o cümlədən Dardanel əməliyyatında iştirak edib.
Bu sinfin əsas üstünlükləri 381 mm-lik (15 düym) top sistemləri, neftlə işləyən ilk döyüş gəmilərindən biri olması və yüksək dəqiqlikli atəş idarəetmə sistemidir. Gəminin suyeridimi təxminən 31 100 ton təşkil edirdi.
3. "Bismarck” döyüş gəmisi
Almaniyanın "Bismarck” döyüş gəmisi cəmi səkkiz ay xidmət etsə də, II Dünya müharibəsinin ən qorxulu gəmilərindən biri hesab olunur. Tam yüklü halda suyeridimi 51 760 ton idi.
1941-ci il 24 may tarixində "Bismarck” Danimarka boğazı döyüşündə Britaniya donanmasının flaqmanı "Hood” gəmisini məhv edib. Nəticədə 1400-dən çox dənizçi həlak olub. Daha sonra Britaniya qüvvələri tərəfindən izlənərək 26 may 1941-ci ildə məhv edilib.
4. Yaponiya İmperator donanmasına məxsus "Yamato”
"Yamato” tarixdə inşa edilmiş ən böyük döyüş gəmisi hesab olunur. Gəminin uzunluğu 263 metr idi və tam yüklü halda suyeridimi təxminən 70 000 ton təşkil edirdi.
Onun əsas silahlanması 460 mm-lik (46 sm) nəhəng toplardan ibarət idi. Bu silahlar 3200 funtluq mərmilər atır və çox yüksək məsafədən zirehi deşə bilirdi. "Yamato” 1945-ci il 7 aprel tarixində ABŞ aviasiyası tərəfindən batırılıb.
5. USS Gerald R. Ford (CVN-78)
"USS Gerald R. Ford” ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yeni nəsil aviadaşıyıcısıdır və bu sinif 40 ildən sonra ilk tam yeni dizayn sayılır. Gəminin uzunluğu 332 metr, suyeridimi isə təxminən 97 000 ton təşkil edir.
Onun əsas gücü daşıdığı aviasiyadır: F-35, F/A-18E/F, E-2D, EA-18G və digər təyyarələr, həmçinin pilotsuz uçuş aparatları. Gəmi həm də müasir yaxın müdafiə sistemləri və raketlərlə təchiz olunub. Tikinti dəyəri 13 milyard dollardan çoxdur.
Bu tip nəhəng hərbi gəmilər müasir dəniz gücünün əsas göstəricilərindən biri hesab olunur və həm tarixi, həm də texnoloji baxımdan mühüm rol oynayır.
Aydın
Şərhlər