Xəbər lenti

Süni yumurtadan canlı cücə çıxdı: Alimlər nəhəng moa quşunu geri qaytarmaq istəyir
Dünya 20:40 21.05.2026

Süni yumurtadan canlı cücə çıxdı: Alimlər nəhəng moa quşunu geri qaytarmaq istəyir

Elm dünyasında diqqət çəkən yenilik baş verib. 
 
Qaynarinfo xəbər verir ki, ABŞ-ın "Colossal Biosciences" biotexnologiya şirkəti süni yumurta sistemi vasitəsilə canlı cücə çıxarmağa nail olduğunu açıqlayıb.

Şirkətin açıqlamasına görə, embrionun inkişafı üçün lazım olan şəraiti təmin edən xüsusi kapsul hazırlanıb. Süni yumurtanın üst hissəsində yerləşən şəffaf pəncərə vasitəsilə alimlər cücələrin inkişafını və yumurtadan çıxma prosesini izləyiblər.

Şirkətdə heyvanlara qulluq üzrə məsul rəhbər vəzifəsində çalışan Paige McNickle süni yumurtadan çıxan cücəni əlinə aldığı anı "inanılmaz” adlandırıb.

O bildirib ki, bu proses həm elmi, həm də emosional baxımdan olduqca xüsusi idi və cücənin inkişafını izləmək böyük həyəcan yaradıb.

Hazırlanan texnologiyanın ən diqqətçəkən tətbiq sahələrindən biri Cənubi Ada nəhəngi moa quşunun yenidən həyata qaytarılması layihəsi hesab olunur.

Təxminən 3,6 metr hündürlüyə çatan nəhəng moa quşunun Maori xalqının Polineziyadan Yeni Zellandiyaya köçündən sonra, 1380–1445-ci illər arasında nəsli kəsilib.

Mütəxəssislərin hesablamalarına görə, moa yumurtaları toyuq yumurtalarından təxminən 80 dəfə, emu yumurtalarından isə 8 dəfə böyük olub. Buna görə də, hazırda moa embrionunu daşıya biləcək ölçüdə yaşayan quş növü mövcud deyil.

Ben Lamm bildirib ki, nəhəng moa kimi növlərin yenidən həyata qaytarılması yalnız qədim genomların bərpası ilə məhdudlaşmır.

Onun sözlərinə görə, uyğun daşıyıcı növ olmadıqda tamamilə yeni inkubasiya sisteminə ehtiyac yaranır və süni yumurta texnologiyası bu baxımdan mühüm dönüş nöqtəsidir.

Alimlərin fikrincə, yumurtalar zahirən sadə görünsə də, olduqca mürəkkəb bioloji quruluşa malikdir.

Təbii yumurta qabığı embrionu həm fiziki zədələrdən, həm də infeksiyalardan qoruyur. Eyni zamanda oksigenin daxil olmasına, karbon qazı və rütubətin isə xaric olmasına imkan yaradır.

Embrionun inkişafı dövründə ağciyərlər hələ tam fəaliyyət göstərmədiyi üçün oksigen ehtiyacı qabığın daxili səthinə uzanan damar şəbəkəsi vasitəsilə təmin olunur.

Bundan əvvəl də süni yumurta üzərində sınaqlar keçirilsə də, embrionlara kifayət qədər oksigen çatdırılması ilə bağlı çətinliklər yaşanırdı.

"Colossal Biosciences" komandası bu problemi həll etmək üçün 3D printer vasitəsilə hazırlanmış xüsusi qəfəsvari qabıq hazırlayıb. Həmin qabıqda təbii yumurta qabığının oksigen ötürmə funksiyasını təqlid edən silikon əsaslı biomühəndislik membranı istifadə olunub.

İlk sınaqlarda mayalanmış yumurtalar süni sistemə köçürülüb, qida dəstəyi əlavə olunub və embrionların inkişafı izlənilib.

Şirkətin biologiya direktoru Endryu Pask bildirib ki, sistem yalnız cücələrin yumurtadan çıxmasını deyil, həm də sağlam inkişaf etməsini təmin etmək məqsədilə hazırlanıb.

Mütəxəssislər hesab edirlər ki, süni yumurta texnologiyası yalnız nəsli kəsilmiş növlərin yenidən həyata qaytarılması üçün deyil, həm də nəsli təhlükə altında olan quşların qorunması üçün istifadə edilə bilər.

Günay
--> -->