Hava çirkliliyini çox vaxt gözlə görə bilmirik, lakin bu, həyatımızı ciddi şəkildə təhdid edən təhlükədir. Son araşdırmalar göstərir ki, Altsheymer və demensiya kimi beyin xəstəliklərinin yaranmasında ətraf mühit amilləri, xüsusilə də hava çirkliliyi mühüm rol oynayır. Hava çirkliliyi yalnız idrak funksiyalarını zəiflətmir, eyni zamanda ölümcül nəticələrə də səbəb olur.
Qaynarinfo xəbər verir ki, son iki ildə dünya üzrə 8,1 milyon nəfər bu səbəbdən həyatını itirib.
Pensilvaniya Universitetinin Perelman Tibb Fakültəsində aparılan araşdırmaya görə, havadakı zərərli toz hissəcikləri beyində toksik zülalların yığılmasını sürətləndirir və bu da idrak qabiliyyətinin azalmasına səbəb olur.
"JAMA Neurology” jurnalında yayımlanan tədqiqatda, incə toz hissəcikləri kimi tanınan PM2.5 səviyyəsinin Altsheymer və demensiya xəstəliklərində görülən beyin dəyişiklikləri və simptomların ağırlığı ilə necə əlaqəli olduğu araşdırılıb.
Penn Medicine Beyin Bankında 1999–2022-ci illər arasında vəfat edən 602 nəfərin beyinləri üzərində tədqiqat aparılıb. İştirakçılar arasında həm demensiya xəstələri, həm də xəstə olmayan yaşlı şəxslər yer alıb.
Araşdırmada hər bir şəxsin ölümündən və ya son nevroloji qiymətləndirməsindən əvvəl hansı səviyyədə hava çirkliliyinə məruz qaldığı, ev ünvanlarına əsaslanaraq hesablanıb.
Nəticələr göstərib ki, daha çox çirklənmiş hava ilə yaşayan şəxslərin beyinlərində Alzheimer tipli dəyişikliklər daha irəliləmiş olub. PM2.5 səviyyəsində hər artım, xəstəliyin daha ağır keçmə ehtimalını 19 faiz artırır.
Eyni zamanda, demensiya dəyərləndirməsi aparılmış 287 nəfərlik ayrıca qrupda da daha çox çirklənməyə məruz qalmanın yaddaş itkisi, qərarvermə pozğunluğu və danışıq çətinliyi kimi əlamətləri ağırlaşdırdığı müşahidə olunub. Araşdırmaçılara görə, hava çirkliliyi ilə demensiyanın şiddəti arasındakı əlaqənin 63 faizi Alzheimer ilə bağlı beyin dəyişiklikləri ilə izah olunur.
Dünyada hava keyfiyyətini ölçən IQAir şirkəti hər il "ən çirkli ölkələr və şəhərlər” siyahısını açıqlayır. Hələ 2025 hesabatı dərc olunmasa da, 2024 Dünya Hava Keyfiyyəti hesabatına görə, keçən ilin ən çirkli havasına malik ölkələr bunlardır:
Çad, Banqladeş, Pakistan, Demokratik Konqo Respublikası, Hindistan, Tacikistan, Nepal, Uqanda, Ruanda, Burundi, Nigeriya, Misir, İraq, Qana və İndoneziya.
Ən çirkli 20 şəhər isə əsasən Cənubi Asiyada yerləşir:
Byrnihat (Hindistan), Dehli (Hindistan), Karağandı (Qazaxıstan), Mullanpur (Hindistan), Lahor (Pakistan), Faridabad (Hindistan), N’Djamena (Çad), Loni (Hindistan), Yeni Dehli (Hindistan), Multan (Pakistan), Pişəvər (Pakistan), Sialkot (Pakistan), Gurgaon (Hindistan), Ganganagar (Hindistan), Hotan (Çin), Greater Noida (Hindistan), Bhiwadi (Hindistan), Muzaffarnagar (Hindistan), Hanumangarh (Hindistan), Noida (Hindistan).
"State of Global Air 2024” hesabatına görə, hava çirkliliyi səbəbilə dünyada hər il 8,1 milyon nəfər həyatını itirir. Bu ölümlərin 700 minindən çoxu 5 yaşdan aşağı uşaqlardır və bu da həmin yaş qrupundakı bütün qlobal ölümlərin 15 faizinə bərabərdir.
Aydın
Şərhlər