2026-cı ildə dövlət büdcəsi haqqında qanun lahiyəsinə görə, icbari tibbi sığortaya 900 milyon manatın ayrılması nəzərdə tutulub. Bu 2025-ci ilə müqayisədə 516 milyon 405 min manat və ya 36,5 faiz azdır.
2026-ci ildə bu sahədə yeniliklərdən biri də heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərlə bağlı olacaq. Belə ki, növbəti dəfə qanuna dəyişiklik edilməyəcəyi təqdirdə, gələn ildən onlar üçün icbari tibbi sığortanın xidmətlərinin ödənişli olması nəzərdə tutulub.
Tibbi ekspert, professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, icbari tibbi sığortanın Azərbaycanda tətbiqi prosesi əslində hazırlıqsız baş verib:
"Randevu sistemi qurulmadan, əhalinin icbari tibbi sığorta xidmətlərinə olan potensial ehtiyacını və bu xərcləri örtəcək vəsaitin miqdarı hesablanmadan icbari tibbi sığortaya başlanılıb. Bu həkimlərin fədakarlığı hesabına həyata keçdi. Bu cür Azərbaycansayağı sığorta özünü doğrulda bilməzdi. Qardaş Türkiyədə 2012-ci ilə qədər bəzi xidmətlər dövlətlə vətəndaş arasında bölünürdü. Bizdə icbari tibbi sığorta ilk növbədə az gəlirli əhali hissəsinə - işləməyən şəxslərə, tələbələrə, pensionerlərə hesablanmalı idi. Yavaş-yavaş isə əhalinin digər kateqoriyaları da daxil edilə bilərdi. Amma təəssüflər olsun ki, Azərbaycanda bunlar hesablanmadı”.
Adil Qeybulla hesab edir ki, 2026-ci il üçün ayrılan vəsaitlə də effektiv sistem qurmaq olar:
"Amma əsas məsələ burada bir iradənin ortaya qoyulması və mənimsəmələrin olmamasıdır. Hər şey şəffaf olmalıdır. Belə olarsa daha yaxşı bir icbari tibbi sığorta sistemi qurula bilər”.
Professor icbari tibbi sığortanın qurulması zamanı beynəlxalq təcrübəyə müraciət olunmanın vacibliyini vurğulayıb:
"Ən azı qardaş Türkiyə və başqa ölkələrin təcrübəsinə əsaslanmalıyıq. Yavaş-yavaş ayrılan vəsait çərçivəsində mümkün xidmətləri bura daxil etməliyik və konkret kateqoriyalar müəyyən edilməlidir. Çünki burada 4 kateqoriyalı əhali var. Məsələn, yüksək gəlirli şəxslər, biznesmenlər, işsizlər, az gəlirli əhali - tələbələr, təkuşaqlı analar və s. bunların hər biri ayrı-ayrılıqda sığortalanmalıdır. Təəssüflər olsun ki, bunlar həyata keçirilmədi və nəticədə icbari tibbi sığorta dalana dirəndi. Bu gün ölkənin iqtisadiyyatını nəzərə almaq lazımdır. Biz də işimizi buna uyğun qurmalıyıq”.
Bahar Rüstəmli
Şərhlər