"Etirazlar səngisə də, bu, müvəqqətidir. Dekabrın 16-dan sonra yenidən alovlana bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Gürcüstanda bir həftəyə yaxın davam edən etiraz aksiyasının zəifləməsini şərh edərkən deyib.
Fərhad Məmmədov bildirib ki, Gürcüstandakı etiraz aksiyalarını müxalifət partiyaları təşkil etmir:
"Ona görə də müxalifətin hakimiyyətlə hətta sövdələşməsini belə etiraz aksiyalarının səngiməsilə əlaqələndirmək olmaz. Etiraz aksiyaları maraqlı xarici qüvvələrin təşkilatçılığı və yerli əhalinin iştirakı ilə keçirilirdi. Əsas oyunçu da dekabrın 16-dək Gürcüstanın prezidenti olan Salome Zurabişvilidir. Digər tərəfdən, görürük ki, Qərbdən rəsmi Tiflisə təzyiqlər edilir. Bəzi ölkələr bu fonda hakimiyyət təmsilçilərinə qarşı sanksiyaları da işə salır. Bu da öz növbəsində etirazçı kütlənin çoxalması və hakim komandanın parçalanması məqsədilə həyata keçirilir. Ona görə də etirazlar səngisə də, bu müvəqqətidir. Etirazların yenidən qızışması ehtimalı da istisna deyil. Görürük ki, paytaxt Tiflislə yanaşı, digər böyük şəhərlər də ayağa qalxıb".
Həmsöhbətimiz qeyd edir ki, Gürcüstandakı proseslər artıq siyasi böhran çərçivəsindən çıxıb:
"Böyük ehtimalla dekabrın 16-dan, yəni parlamentin yeni prezidenti seçməsindən sonra konstitusiya böhranı səviyyəsinə gəlib çıxa bilər. Bu da Gürcüstan üçün ən arzuolunmaz senaridir".
Qeyd edək ki, Baş nazir İrakli Kobaxidzenin 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqları dayandırdıqları barədə açıqlamasından sonra Gürcüstanda yenidən alovlanan və bir həftə davam edən etiraz aksiyaları nədənsə sönməyə başlayıb. Düzdür, kiçik şəkildə olsa da aksiyalar davam edir. Amma əvvəlki bunlar günlərin effektini vermir. Bu isə belə təəssürat yaradır ki, etiraz aksiyaları artıq dayandırılır.
Rüfət Sultan
Şərhlər