Bakıda orta məktəblər publik hüquqi şəxsə çevrilir.
Qaynarinfo xəbər verir ki, Emin Əliyev adına 234 nömrəli, Elşad Yəhyayev adına 56 nömrəli və Polad Salayev adına 159 nömrəli tam orta ümumtəhsil məktəbləri publik hüquqi şəxsə çevrilib.
Bu isə onu deməyə əsas verir ki, həmin məktəblərdə müəllimlərin işə qəbul və işdən azad olunması ilə bağlı qərarlar birbaşa direktorun səlahiyyətinə aid olacaq.
Bəs publik hüquqi şəxs statusu təhsil sisteminə nə verəcək?
Sabiq deputat Şahlar Əsgərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, sovet təhsil sistemində valideynin müəllimin işinə qarışmaq kimi hüququ yox idi:
"Uzun illər təhsil sistemi ilə bağlı məşğul olmuşam, fikirlər bildirmişəm, təkliflər vermişəm. Sovet, Avropa və Azərbaycan təhsil sistemlərini müqayisə edərkən deyə bilərəm ki, sovet təhsil sistemində təhsilə məsuliyyət daşıyan orqan birbaşa dövlət idi. Valideynin məktəbə daxil olmaq hüququ var idi, amma söz demək, müəllimin işinə qarışmaq kimi hüququ yox idi. Hətta rayonun birinci katibi belə müəllimin işinə müdaxilə edə bilməzdi. Müəllim cəmiyyətin ən dəyərli üzvlərindən biri idi. 20 il qüsursuz işləyən müəllim dövlət tərəfindən "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunurdu. 25 il qüsursuz işləyən müəllim "Lenin" ordeni alırdı. 30 il qüsursuz çalışan müəllim isə Müdafiə Nazirliyində polkovnik rütbəsinə bərabər hüquqlara malik olurdu. Yəni istədiyi vaxt pensiyaya çıxa bilərdi, istəməsəydi işləməyə davam edərdi. İndi isə təhsili təhsildən xəbəri olmayan insanların ixtiyarına veriblər və onlar müxtəlif eksperimentlər aparırlar".
Sabiq deputat son bir ildə təhsillə bağlı açıqlama vermədiyini də vurğulayıb:
"Gördüm ki, faydası yoxdur. Təhsili cəmiyyətin ən savadlı hissəsi idarə etməlidir. Televizoru açırsan, hamı təhsildən danışır. Cəmiyyətin adi üzvünün, yaxud adi müəllimin təhsil haqqında fikir bildirmək hüququ olmamalıdır. Çox nadir hallarda, bəlkə yüz müəllimdən biri bu barədə söz deyə bilərdi. Təhsil haqqında ən ağıllı adamlar danışmalıdır. Amma indi televizorda hamı təhsil, ailə həyatı və başqa mövzularda danışır. Təhsil orta məişət səviyyəsindən aşağı düşüncəyə malik insanların idarəsindədir".
Ekspert hesab edir ki, təhsil haqqında fikir bildirən şəxslər cəmiyyət qarşısında məsuliyyət daşımalıdır:
"Biri deyir: "Ağlıma belə gəldi, bunu tətbiq etsək yaxşı olar". Amma psixologiya elmi var, uşağın yaşını, qabiliyyətini nəzərə almaq lazımdır. Bu, "mənə elə gəlir" yanaşması ilə bitməz. Təəssüf ki, belə şəxslər təhsildə söz sahibidir. Elə buna görə də bu sahədən uzaqlaşdım".
Deputat Ceyhun Məmmədov isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu plan əvvəldən gündəmdə olub:
"Yəni məktəblərin bir hissəsinin publik hüquqi şəxsə çevrilməsi planlaşdırılırdı və proses artıq həyata keçirilir. Söhbət direktorun istədiyi şəxsi işdən çıxarmasından getmir. Müəllimlərin işə qəbulu və işdən azad edilməsi Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir, bu addımlar mərkəzləşdirilmiş qaydada atılır. Kim necə istəyir elə edəcək deyə bir məsələ yoxdur. Publik hüquqi şəxs statusunda maliyyələşmə yalnız dövlət büdcəsi ilə məhdudlaşmır. Bu qurumlar həm maliyyələşmə, həm də idarəetmə baxımından müəyyən azadlıqlara malik olacaqlar".
Deputat əlavə edib ki, zamanla bu modelin fərqli cəhətləri daha aydın görünəcək:
"Artıq bir müddətdir Azərbaycanda publik hüquqi şəxslər fəaliyyət göstərir. Məktəblər əlavə vəsait qəbul edə biləcəklər və yalnız dövlət büdcəsindən asılı olmayacaqlar. Bu da onların fəaliyyətinə müsbət təsir göstərəcək".
Bahar Rüstəmli
Şərhlər