Xəbər lenti

Əbu-Dabi görüşü: Zəngəzur dəhlizi və ticarət perspektivləri...
Siyasət 13:10 04.02.2026

Əbu-Dabi görüşü: Zəngəzur dəhlizi və ticarət perspektivləri...

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi geniş tərkibli görüş ciddi maraq doğurur. Bu format tərəflər arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu göstərir və prosesin institusional səviyyədə davam etdirilməsi üçün siyasi iradənin mövcudluğuna işarə edir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşü şərh edərkən deyib. 

Ekspertin fikrincə, görüşdə böyük ehtimalla ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub:

"Görüşdə konkret hansı məsələlərin müzakirə edildiyi açıqlanmır. Lakin mütəxəssislər hesab edirlər ki, iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində atılacaq addımlar müzakirə masasına çıxarılıb. Artıq sülh və dinc yanaşı yaşamaq gündəliyinin real məzmunla doldurulmasının vaxtı çatıb".
 


Ekspert bildirib ki, bu kontekstdə qarşıdakı mərhələdə diplomatik münasibətlərin qurulması və müxtəlif sahələr üzrə əməkdaşlığın formalaşmasının mümkün olacaq:

"Lakin proses Ermənistanın konkret və prinsipial addımlar atmasından asılıdır".

Əlimusa İbrahimov vurğulayıb ki, Ermənistan ilk növbədə konstitusiyasında dəyişiklik etməli, Azərbaycana qarşı ərazi iddialarını tam və qəti şəkildə aradan qaldırmalıdır:

"Yalnız bundan sonra iki ölkə arasında münasibətlərin davamlı və sağlam əsaslar üzərində inkişaf edəcəyinə zəmanət vermək olar".

Politoloqun sözlərinə görə, görüş zamanı Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan vasitəsilə Ermənistana göndərilən mal və məhsulların əhatə dairəsinin genişləndirilməsi məsələsini də gündəmə gətirə bilər:

"Ermənistanda parlament seçkiləri yaxınlaşır və Paşinyan bu seçkiləri uğurla başa vurmaq niyyətindədir. Bu baxımdan o, İlham Əliyevdən iqtisadi-logistik istiqamətdə dəstək istəyə bilər. Söhbət Ermənistanın ciddi ehtiyac duyduğu istehlak və ərzaq mallarının Azərbaycan üzərindən daşınmasının genişləndirilməsindən gedə bilər. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasının sürətləndirilməsi məsələsi də hər iki tərəfin maraq dairəsində olan vacib mövzulardandır".
 


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Əbu-Dabiyə səfəri çərçivəsində fevralın 4-də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüş geniş tərkibdə keçirilib. İlham Əliyev və Nikol Paşinyan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsində irəliləyişi alqışlayıblar. Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi, vətəndaş cəmiyyəti səfərlərinin təşviqi və etimad quruculuğu tədbirlərinin artırılması məsələlərini müzakirə ediblər. Hər iki lider sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səyləri davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Rüfət Sultan
--> -->