Milli Məclisin sədrinin müavini, akademik Rəfael Hüseynov və Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova Özbəkistana səfər çərçivəsində Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində keçirilən mühüm tədbirdə iştirak edib.
Qaynarinfo xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində təşkil olunan tədbirdə görkəmli türkoloq, özbəkəsilli Azərbaycan alimi Xalid Səid Xocayevə həsr edilmiş "Xolid Said Xo‘jayev” kitabı ictimaiyyətə təqdim edilib.
Təqdimatdan əvvəl universitet tələbələrinin əl işləri və nailiyyətləri ilə tanışlıq təşkil olunub. Daha sonra kitab ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, nəşrin müəllifi tanınmış alim Azər Turandır. Kitabın "Bir qərib, yaralı ruh - Xalid Səid Xocayev” adlı ön sözünün müəllifi isə Elnarə Akimovadır.
Millət vəkili çıxışında vurğulayıb ki, bu il I Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması fonunda, qurultayın əsas təşkilatçılarından biri olan Xalid Səid Xocayevə həsr edilmiş kitabın özbək dilinə tərcümə olunaraq təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu nəşr türk dünyasının ortaq elmi və mədəni irsinin daha geniş coğrafiyada tanıdılmasına xidmət edir.
Şərhlər