Xəbər lenti

Domino effekti: Çinin təmiz hava uğrunda mübarizəsi qlobal iqlimi necə məhv edir
Dünya 14:46 08.04.2026

Domino effekti: Çinin təmiz hava uğrunda mübarizəsi qlobal iqlimi necə məhv edir

Çinin son illərdə hava çirkliliyini azaltmaq istiqamətində atdığı addımlar qlobal iqlim sistemində gözlənilməz nəticələrə səbəb olub. Alimlərin araşdırmasına görə, atmosferin sürətli təmizlənməsi güclü siklonların istiqamətini dəyişdirərək onların daha çox Arktika bölgəsinə yönəlməsinə və buzların əriməsinin sürətlənməsinə gətirib çıxarıb.

Qaynarinfo xəbər verir ki, "Climate and Atmospheric” jurnalında dərc olunan tədqiqatda bildirilir ki, 2013–2020-ci illər ərzində Çin havadakı zərərli hissəciklərin səviyyəsini təxminən 40% azaldıb. Lakin bu dəyişikliklər iqlim balansına təsir edərək fırtınaların trayektoriyasını şimala doğru sürüşdürüb.

Manitoba Universitetinin klimatoloqu Aleks Krauford qeyd edib ki, müşahidə olunan effekt gözləniləndən daha böyükdür. Onun sözlərinə görə, bu dəyişikliklər nəticəsində Arktika regionunda temperaturun kəskin artımı və buz örtüyünün sürətli azalması qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, əvvəllər havadakı aerozollar qlobal istiləşməni müəyyən qədər zəiflədirdi. Onların azalması isə istixana qazlarının təsirini daha açıq şəkildə üzə çıxarıb.

Buna baxmayaraq, ekspertlər Çinin ekoloji siyasətini uğurlu hesab edir. Kolumbiya Universitetinin tədqiqatçısı Dan Vestervelt vurğulayıb ki, bu dəyişikliklər çirklənmə və iqlim arasındakı əlaqəni daha yaxşı anlamaq üçün yeni imkanlar yaradır.
 
Günay
--> -->