Himalay dağlarında yerləşən və "Əjdaha ölkəsi” kimi tanınan Butan krallığı uzun müddət turist axınını ciddi şəkildə məhdudlaşdırıb. Lakin yeni hava limanı və iddialı şəhər layihəsi bu ölkəyə səyahət qaydalarını köklü şəkildə dəyişə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC yazıb.
2029-cu ildə açılması planlaşdırılan Gelephu Beynəlxalq Hava Limanı artıq 2025-ci il Dünya Memarlıq Festivalında "İlin gələcək layihəsi” mükafatını alıb. Gündə 123 reys qəbul etmək gücünə malik olacaq hava limanı yeni nəhəng layihə olan Gelephu Mindfulness City (GMC) üçün əsas giriş qapısı olacaq. Bu layihə ölkəni dünyanın ən çətin çatılan məkanlarından birini daha açıq istiqamətə çevirə bilər.
İlin əvvəlində Butan kralı Ciqme Xesar Namqyel Vanqçuk Gelephu şəhəri yaxınlığında yeni hava limanının tikintisinə hazırlıq işlərinə şəxsən qatılıb. O, 12 min könüllü ilə birlikdə cəngəlliklərin təmizlənməsində iştirak edib, xurma ağaclarını kəsib və kol-kosları təmizləyib.
Hava limanının konsepsiyasında yerli ağac materiallarından istifadə, təbii ventilyasiya sistemi və hətta meditasiya və yoqa üçün xüsusi məkanlar nəzərdə tutulur. Layihənin əsas məqsədi yalnız nəqliyyat deyil, həm də Gelephu Mindfulness City adlı yeni şəhərə giriş qapısı olmaqdır.
Müəlliflər qeyd edir ki, dünyanın ən izolyasiya olunmuş ölkələrindən biri tədricən turistlər üçün açılır və bu dəyişiklik Butana səyahət təcrübəsini tamamilə dəyişə bilər.
Krallığa çətin yol
Butan əsrlər boyu dünyadan demək olar ki, təcrid olunmuş vəziyyətdə olub. Yalnız 1974-cü ildə ölkə hakimiyyəti turistləri qəbul etməyə başlayıb və "yüksək dəyər – aşağı həcm” prinsipi tətbiq edilib. Məqsəd mədəniyyəti qorumaq və kütləvi turizmin qarşısını almaq olub.
Pandemiyaya qədər ölkəyə səyahət yalnız lisenziyalı tur operatorları vasitəsilə mümkün idi və gündəlik paketə yaşayış, yemək və bələdçi xidməti daxil idi. 2022-ci ildən sistem dəyişdirilib: turistlər artıq gecəlik 100 ABŞ dolları ekoloji rüsum ödəyir və səyahətlərini daha sərbəst planlaşdıra bilirlər. Lakin dövlət turizm axınını ciddi nəzarətdə saxlamaqda davam edir.
Butana uçuşlar həmişə çətin olub. Yeganə beynəlxalq hava limanı olan Paro məhdud sayda reys qəbul edir və dağlıq relyef səbəbindən dünyanın ən çətin eniş nöqtələrindən biri hesab olunur. Burada eniş yalnız əl ilə həyata keçirilir və bu uçuşları icra edə bilən pilotların sayı çox məhduddur.
Turizm üçün yeni imkanlar
Yeni hava limanı və cənub bölgələrinin inkişafı ölkənin turizm xəritəsini dəyişə bilər. Əvvəllər turistlər əsasən Thimphu paytaxtı, Punaxa və Bumtanq vadilərini ziyarət edirdilərsə, indi diqqət daha az öyrənilmiş ərazilərə yönələcək.
Yeni infrastrukturun biomüxtəlifliklə zəngin cənub bölgələrinə çıxışı asanlaşdıracağı və həm təbiət, həm də mənəvi təcrübə axtaran yeni turist qruplarını cəlb edəcəyi gözlənilir. Hökumət isə inkişaf və mədəni irsin qorunması arasında balans saxlamağa çalışır.
Gelephu Mindfulness City ideyası kral tərəfindən on ildən çox əvvəl irəli sürülüb, lakin pandemiya onun həyata keçirilməsini sürətləndirib. COVID-19 dövründə ölkə 2022-ci ilin sentyabrına qədər bağlanıb və bu, turizmə ciddi zərbə vurub.
Layihənin məqsədi xarici investisiyaları cəlb etmək, iş yerləri yaratmaq və ölkənin "milli xoşbəxtlik” göstəricisi əsasında inkişaf modelini gücləndirməkdir.
Keçmiş baş nazir Lotay Çherinq bildirib ki, layihənin uğuru üçün hava nəqliyyatının genişlənməsi vacibdir. Yeni hava limanı ölkənin əsas aviasiya mərkəzinə çevriləcək və Gelephu tranzit şəhəri rolunu oynayacaq.
Vəhşi təbiət və yeni marşrutlar
Butanın cənub hissəsi ənənəvi monastırlarla zəngin dağ mənzərələrindən fərqli olaraq subtropik təbiətə malikdir. Burada cəngəlliklər, ədviyyat və portağal plantasiyaları, çaylar və isti bulaqlar yerləşir.
Gelephu yaxınlığında iki milli park var, o cümlədən ölkənin ən qədimi olan Royal Manas National Park. Burada fillər, pələnglər, kərgədanlar, dumanlı leopardlar və 360-dan çox quş növü yaşayır.
Turizm sahəsi üzrə ekspertlərin fikrincə, bu bölgə nadir və nəsli kəsilməkdə olan növlər üçün mühüm sığınacaqdır və planetin ən az təsirə məruz qalmış ərazilərindən biri olaraq qalır.
Mənəvi turizm modeli
Gelephu layihəsində mənəvi aspekt xüsusi yer tutur. Buddist müəllimlər layihəyə cəlb olunub və meditasiya mərkəzləri, məbədlər və dzonq tipli qalaların tikintisi planlaşdırılır.
2028-ci ildə 168 kilometrlik Lotus-Born Trail marşrutunun açılması nəzərdə tutulur. Bu yol cənub tropik bölgələri ilə ölkənin mənəvi mərkəzini birləşdirəcək və Quru Rinpoçenin Buddizmi Butana gətirdiyi tarixi marşrutu izləyəcək.
Turistlər üçün həmçinin raftinq, quş müşahidəsi və ekoturizm marşrutları təklif olunacaq. Lüks otellər əvəzinə qonaq evləri və ekoloji düşərgələrə üstünlük veriləcək.
Gelephunun köhnə hissəsində isə yerli mətbəxi təqdim edən qastronomik zona yaradılacaq. Burada lhotsampa icmasının yeməkləri və ənənəvi ema datşi (isti bibər və pendir yeməyi) kimi milli təamlar təqdim ediləcək.
Şəhərdə həmçinin sənət məhəllələri, mural rəsmləri və toxuculuqdan tutmuş ənənəvi "tanka” rəssamlığına qədər sənətkarlıq mərkəzləri yaradılacaq.
Məqalədə qeyd olunur ki, Butanın cənub bölgəsi tarixən sıx cəngəlliklər, mussonlar və vəhşi heyvanlar səbəbindən əlçatmaz olub və bu da onun təbii vəziyyətdə qalmasına şərait yaradıb.
Aydın
Şərhlər