Xəbər lenti

Diplom var, ixtisas yoxdur: Azərbaycan ali təhsilinin ağrılı nöqtəsi
Ölkə 20:30 15.12.2025

Diplom var, ixtisas yoxdur: Azərbaycan ali təhsilinin ağrılı nöqtəsi

Statistik göstəricilərə görə, ölkə  universitetlərinin bakalavr proqramlarında ümumi təhsil xarakterli fənlərin payı Avropa universitetləri ilə müqayisədə təxminən 25–30 faiz daha çoxdur. Ekspertlər bunun ixtisas fənlərinə ayrılan dərslərin sayının azalmasına, bilavasitə ixtisasların mənimsənilməsinə mənfi təsir etdiyini hesab edir. 

Azərbaycan universitetlərində proqramlaşdırılma daha çox hansı istiqamətlərdə olmalıdır? 

Təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında bildirib ki, hər hansı universitet özünün yeni fəaliyyət proqramını hazırladıqda, gələcək üçün strateji hədəflərini müəyyən etdikdə ilk növbədə bir meyara diqqət etməlidir:

"Bu da tədqiqat universiteti hədəfi uğrunda mübarizədir. Hazırda çağdaş dünyanın ali təhsili tədqiqatyönümlü inkişaf xətti üzrə hərəkət edir. Universitet öyrədici mühit aspektindən elmi tədqiqatların həyata keçirildiyi və elm-innovasiya-biznes üçbucağının ən vacib elementi rolunda çıxış edir. Modern dünyanın universitet modelində  auditoriyaların dominantlığı yerini laboratoriya, tədqiqat mərkəzi, texnoparkların  lokomotivlik funksiyasına verib”.  
 


Elmin Nurinin fikirincə, yerli universitetlərimizin də sırf bu istiqamətdə proqramlarının daha da təkmilləşməsinə ciddi ehtiyac var:

"Xüsusən də mühəndislik, İT, sənaye, kimya-fizika profilli ixtisaslarda bu proqramlaşdırmaya xüsusi ehtiyac var. Bu gün universitet xüsusən də son kursda özünü auditoriya asılılığından xilas edəndə, nəzəri aspektləri innovativ mühitə daşıyan tramplin olanda daha çox faydalı olacaq. İnanırıq ki, universitetlərimizin gələcək üçün nəzərdə tutduğu fəaliyyət proqramında bu mexanizmlər də öz əksini tapacaq”. 

Ekspert hesab edir ki, ictimai-humanitar profilli ixtisaslarda, pedaqoji istiqamətlərdə uyğunluğu yaratmaq, qısa zaman ərzində proqramlara yenilik etmək mümkündür:

"Amma dəqiq elmlər, mühəndislik, tibb, kimya-fizika profilli ixtisaslarda, həmçinin, İT yönümlü sahələrdə bu, birbaşa mümkün deyil. Çünki bu sahələrlə bağlı inkişaf və dəyişimlər dünya çapında tez-tez yaşanır. Mühəndislik profili üzrə ixtisaslarda bu il tətbiq olunan yenilik gələn il üçün artıq köhnəlmiş sayılır. Odur ki, bu ixtisaslarda birdən-birə proqram dəyişikliyi etmək o qədər də uğurlu sayılmaz. Ən yaxşı metod, ayrı-ayrı ixtisaslarla bağlı 5, ya 10 illik fəaliyyət planını hazırlayıb tələsmədən, imitasiya etmədən, sistemli şəkildə onun inkişafı üçün zəruri addımlar atmaqdır”. 

Elmin Nuri təklif edib ki, bütün bunlar üçün bir məsələdən başlamaq lazımdır:

"Həmin ixtisasların baza təhsili hansı şərtlərlə aparılır? O ixtisaslara qəbul olunan tələbələr aşağı kurslarda ən çox hansı predmetləri öyrənməli olurlar? Bunlardan da çox şey asılıdır. Qeyri-ixtisas fənlərinin birinci-ikinci kurslarda aşırı tədrisi ixtisasa hazırlığı da xeyli zəiflədə bilər”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->