Qərbdə bir çoxlarının təxribatın nəticəsi adlandırdığı "Şimal axını” qaz kəmərində baş verən qəzalardan əvvəl sızıntıların olduğu ərazidə Rusiya hərbi gəmiləri görünüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Qərb kəşfiyyatının iki nümayəndəsinin və bu məsələ ilə tanış olan başqa mənbənin məlumatlarına istinadən CNN məlumat
yayıb.
Kanalın heç bir həmsöhbəti gəmilərin qəzalarla əlaqəsi olduğunu iddia etmir, lakin bu, müstəntiqlərin öyrənəcəyi detallardan biridir.
Mənbələrdən biri də keçən həftə ərazinin yaxınlığında Rusiya sualtı qayıqlarının göründüyünü deyir.
Danimarka Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Rusiya gəmiləri müntəzəm olaraq bu ərazidən keçir. O, həmçinin vurğulayıb ki, onların mövcudluğu qaz kəmərlərini zədələyənin Moskva olduğunu mütləq göstərmir. "Biz onları hər həftə görürük. Rusiyanın Baltik dənizində fəaliyyəti son illər güclənib”, - deyə rəsmi bildirib.
Vaşinqtonda hələlik boru kəmərlərində baş verənlərlə bağlı ətraflı izahat yoxdur. Amerika rəsmiləri Rusiya gəmiləri ilə bağlı məlumatı şərh etməkdən imtina ediblər.
İsveç Sahil Mühafizəsi sentyabrın 29-da qaz kəmərinin iki xəttində üç gün əvvəl müəyyən edilmiş üç sızmaya əlavə olaraq daha bir sızma aşkarladığını bildirib. İsveç və Danimarkanın baş nazirləri hesab edir ki, hadisə çox güman ki, düşünülmüş hərəkətlərin nəticəsidir. İsveç Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, bunun arxasında xarici gücün dayandığını istisna etmək olmaz. ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Cek Sallivan da çərşənbə axşamı gecə Twitter-də sızıntını "açıq-aşkar təxribat”
adlandırıb.
Danimarka və İsveç rəsmiləri araşdırmaya başladığını elan ediblər. Bununla belə, CNN mənbəsi bunun iki həftə ərzində düzgün şəkildə başlayacağını deyir: indi borulardan qaz sızması işi çətinləşdirir. Məsələ ilə tanış olan başqa bir mənbə bildirib ki, araşdırmanın ilkin mərhələləri bazar günü başlaya bilər.
Nizami Bağırov
Şərhlər