Hindistanın Vardha bölgəsində yaşayan 31 yaşlı kişi şiddətli bel ağrısı və yüksək hərarət şikayətləri ilə xəstəxanaya müraciət etdikdə, ömrüboyu daşıdığı, lakin mövcudluğundan xəbərsiz olduğu bir gerçəyi öyrənib.
Qaynarinfo xəbər verir ki, beş gün davam edən sağ yan ağrısı, sidik ifrazı zamanı yanma hissi və 39 dərəcəni keçən hərarətlə həkimə müraciət edən pasiyentin vəziyyəti aparılan müayinələrdən sonra gözlənilməz istiqamət alıb.
İlkin fiziki müayinədə xəstənin qarın nahiyəsinin sağ tərəfində həssaslıq aşkar edilib. Qan analizləri infeksiya ilə mübarizə aparan ağ qan hüceyrələrinin səviyyəsinin yüksəldiyini göstərib, sidik analizində isə sidik yolu infeksiyası ilə əlaqəli "Klebsiella pneumoniae" bakteriyası müəyyən olunub.
Lakin əsas sürpriz qarın nahiyəsində aparılan ultrasəs və kompüter tomoqrafiyası zamanı ortaya çıxıb. Görüntülər xəstənin iki deyil, üç böyrəyə malik olduğunu göstərib.
Tibbi ədəbiyyatda "supernumerar böyrək" adlandırılan bu üçüncü böyrək xəstənin sağ böyrəyinə bitişik vəziyyətdə yerləşərək at nalına bənzər quruluş yaradıb. Bu hal ana bətnində inkişaf zamanı hüceyrə bölünməsi prosesində baş verən anomaliya nəticəsində yaranır və əksər hallarda heç bir simptom vermədiyi üçün təsadüfən aşkar edilir.
Müayinələr zamanı xəstənin böyrəklərində maye toplanması və böyrək daşı olduğu müəyyən edilib. Xüsusilə sol tərəfdəki tıxanıqlıq səbəbindən həkimlər sidik axınını yaxşılaşdırmaq üçün "stent" adlanan nazik plastik boru yerləşdiriblər.
İntensiv antibiotik müalicəsi və maye dəstəyi nəticəsində xəstənin vəziyyəti 48 saat ərzində yaxşılaşıb.
Bu hadisəni dünya miqyasında nadir edən əsas məqam üçüncü böyrəyin mövcudluğu deyil, onun digər böyrəklə bitişik formada olmasıdır. Dünyada hər il 100-dən az belə hal qeydə alınsa da, başqa böyrəklə birləşərək "at nalı” formasında olan hallar elmi ədəbiyyatda beşdən azdır.
Əksər hallarda bu cür əlavə orqanlar başqa səbəblərlə aparılan müayinələr zamanı təsadüfən aşkar edilir və normal funksiyalarını davam etdirir.
Aydın
Şərhlər