"Əslində bu məsələni bir fürsətə çevirməliyik".
Bunu Qaynarinfo-ya açıqlamasında REAL Partiyasının sədri Natiq Cəfərli Rusiyada miqrantlar haqqında qanunun sərtləşməsilə oradakı çoxsaylı soydaşlarımızın Azərbaycana qayıtmaqla özlərilə çoxsaylı problemlər gətirməsi və daxildə onların təmin olunması məsələsinə toxunarkən deyib.
"Rusiyadan geri qayıtmaq məcburiyyətində olan miqrantlarla bağlı problemə ciddi problem kimi baxmıram. Bu məsələni əslində fürsətə çevirməliyik. Azərbaycan hökuməti Qarabağın məskunlaşması, yeni iş yerlərinin yaradılması prosesində Rusiyadan çıxaraq geri qayıtmaq məcburiyyətində qalan insanların təcrübəsi və investisiyalarından istifadə etməklə yeni iqtisadi fürsətlər yaratmalıdır", deyə Natiq Cəfərli əlavə edib.
Ona görə də ekspert miqrantlarla bağlı məsələyə təhlükə kimi baxmağın əleyhinədir:
"Daimi olaraq bu məsələyə təhlükə kimi baxırıq. Ona görə də Rusiya bundan istifadə edib, ölkəmizə qarşı bir təhdid vasitəsinə çevirir. Bu səbəbdən düşünürəm ki, Azərbaycanda məsələyə münasibətdə baxış bucağı dəyişməlidir. Rusiyadan qayıdacaq soydaşlarımız ölkəmizdəki iqtisadi sabitliyə təhlükə deyil, əksinə bir fürsətdir. Məsələni belə dəyərləndirməliyik. Azərbaycan hökuməti bu sahədə xeyli işlər görməli, biznes mühitini yaxşılaşdırmalı, yeni iş yerləri yaratmalıdır. Bütün bunlar daha rahat və daha asan şəkildə həyata keçəcək addımlara çevrilməlidir".
Qeyd edək ki, Rusiyada miqrantlar haqqında qanunun sərtləşməsindən sonra orada işləyən çoxsaylı soydaşımız Azərbaycana qayıdıb. Azərbaycanın quru sərhədlərinin bağlı olması prosesi məhdudlaşdırsa da, son aylar ölkəyə qayıdanların sayında artım olduğu deyilir. Bu fonda bəzi ekspertlərin fikrincə, azərbaycanlıların ölkəyə kütləvi axını müəyyən iqtisadi problemləri də özü ilə gətirə bilər.
Yerli media Rusiyadakı azərbaycanlılara istinadən yazır ki, rublun dəyərdən düşməsi bu ölkədə çalışan azərbaycanlılar üçün böyük problem yaradıb. Bu səbəbdən xeyli azərbaycanlı artıq ölkəsinə qayıdıb, bir qisim də yaxın aylarda geri dönəcək, çünki işləmək sərfəli deyil, əvvəlki kimi iş, ticarət də yoxdur. Beləliklə, yüz minlərlə azərbaycanlı ölkənin bağlı qapılarını yavaş-yavaş döyməyə başlayır. Bu fonda sual yaranır ki, Azərbaycanda onları qəbul edib, dolanışığını qismən də olsa, təmin etməyə imkanlar varmı?
Rüfət Sultan
Şərhlər