Füzuli rayonunda vəfat edən mərhumların yas mərasimlərinə daxil olan cümə axşamlarının ləğv edilməsi cəmiyyətdə böyük müzakirəyə yol açıb. Məsələyə aydınlıq gətirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov İslamda ilk gündən 3 gün yas saxlanıldığını bildirib:
"Cümə axşamları, 40 kimi mərasimləri zamanla bağlı formalaşdırmışıq. Nə zamansa bəlkə də cümə axşamlarına ehtiyac olub. Çünki biz 70 il sovetlər dövlətinin tərkibində yaşamışıq. Allahdan, Qurandan bizi kənarda saxlayıblar, öz dinimizlə maraqlanmağa qoymayıblar. Cümə axşamları dindarlığın saxlanılması, dinimizin təbliği üçün vasitə olub. Onun üçün də artıq cümə axşamları mərasimləri ixtisara salınsa, daha yaxşı olar. Bu gün onun tərəfdarıyıq ki, bəzi israfdankənar məclislərimizin İslama uyğun keçirilməsi, islami qaydalara uyğun təşkil olunması vacibdir. İşlərimizi Quranın bizə buyurduğu kimi etməliyik. Nəinki yas mərasimləri, bu elə bizim toylarımıza da aiddir. Orada daha çox israfçılıq var. Bir nəfər xanəndəyə 15 min manat verib toya gətirirlər. Valideyn övladının xoşbəxtliyi üçün nə qədər xərc çəkir. Allah bütün gənclərimizi xoşbəxt eləsin! Amma toylarda bu qədər israfa niyə yol verilməlidir? Bundan danışılsa, nə gözəl olar”.
Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda istər yas mərasimi olsun, istərsə də toylar, hər ikisində israfçılıq son hədddədir:
"Bu problemi inzibati metodlarla aradan qaldırmaq mümkün deyil. Hər iki mərasimlərdə insanlar arasında bəhsəbəs, bir yarış baş alıb gedir. Yas mərasimlərində israfçıqlıqdan indiyədək çox danışılıb. İnsanlara israf etməyin bəyənilməyən əməl, israf edənin şeytanla qardaş olduğunu açıqlayan Quran ayələri misal gətirilib. Lakin bu təbliğat indiyədək heç bir səmərə verməyib. İnsanlar ənənəvi qaydada israf məclislərinə davam edir. İsraf artıqca mərmər biznesi, məzarlıqlarda bütpərəstlik elementləri, İslam dininin buyuruqlarından uzaqlaşmaq meylləri, mərasim evlərinin çoxalması baş alıb, gedir".
Rəsul Mirhəşimli toylarda vəziyyətin daha dəhşətli olduğunu xatırladıb:
"Dünyanın istənilən inkişaf etmiş ölkəsinin insanına göstərsələr ki, bizim toylarda qonaqlar saat 19-dan başlayaraq, gecəyarıyadək dayanmadan yeyir, bizim barəmizdə nələr düşündüyünü təsəvvür etmək çətin deyil. Normal insanın qida rasionunda mədəni qarışıq yeməklərlə bu qədər yükləmək ola bilməz".
Rəsul Mirhəşimli toylarda müğənnilərə verilən pullardan da danışıb:
"Bu isə ayrıca bir problemdir. "Filankəsin oğlunun (qızının) toyunda filan müğənni oxuyub, bizdə niyə oxumasın?" prnsipi israfı israfçılıqdan da çıxarıb, vəziyyəti ağlasığmaz həddə çatdırıb. Məsələ ondadır ki, yüksək pulla toylara çağırılan müğənnilərin bir çoxu insanların musiqi zövqünü korlamaqla məşğul olmaqdadır. Şadlıq evlərindəki səs effektləri insanın beynini zədələyir. Bütün bu problemlər toylarda zövq almaq, sevinməkdən daha çox əsəbi mühit yaradır. Hələ toydan sonra valideynlərin şadlıq evlərinə borclu qalacaqları həyəcanı başqa bir problemdir. Görünən budur ki, bizim insanlarımızın çox israfı sevir, nə toylarında, nə də yas mərasimlərində israfçılıqdan qaçmaq niyyətində deyil".
Bahar Rüstəmli
Şərhlər