Xəbər lenti

BRICS-in Ukrayna ilə bağlı bəyatı nə deməkdir? - Ekspert
Dünya 18:18 23.10.2024

BRICS-in Ukrayna ilə bağlı bəyatı nə deməkdir? - Ekspert

"BRICS-in Ukrayna ilə bağlı ümumi razılığa gəldikləri bəyanatda atəşkəs, müvəqqəti sülh və Kiyevlə Moskva arasında danışıqların başlaması prinsipləri öz əksini tapıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev deyib.

"Sirr deyil ki, Ukraynada atəşkəs və sülhə çağıran elementlər bir çox ölkələrin gündəliyində var. Xüsusilə də BRICS-in Kazan sammiti üzrə tədbirdə təmsil olunan ölkələrin hamısında bu elementlər üstünlük təşkil edir. Yəni ilk növbədə atəşkəs, dinclik və sonda da məsələlərin müzakirəsi. Ehtimal ki, BRICS-in Ukrayna ilə bağlı ümumi razılığa gəldikləri bəyanatında məhz 3 tezis - atəşkəs, müvəqqəti sülhün yaradılması və Kiyevlə Moskva arasında danışıqların başlaması prinsipləri öz əksini tapıb", deyə  Arif Əliyev bildirib.

Həmsöhbətimizə görə, bu bəyanatda Ukrayna əraziləri və onların taleyilə bağlı məsələlər böyük ehtimalla olmayacaq:

"Çünki bu halda fikir ayrılığı yarana və tədbirdə iştirak edib bəyanata imza atan ölkələrin özləri üçün müəyyən risklər də ola bilər". 
 


Ekspert onu da qeyd edir ki, Rusiya məhz çoxsaylı ölkələrin onun mövqeyini dəstəklədiyi obrazını yaratmaq üçün Ukrayna məsələsini də BRICS-in gündəminə atıb:

"Birbaşa olaraq Rusiya rəsmilərinin dilindən prosesin dayandırılması və görüşlərin keçirilməsinə maraq bir neçə dəfə ifadə olunub. Hətta Rusiya  rəsmiləri bununla bağlı şərtlər də irəli  sürüblər. Sonuncu səsləndirilən fikirlərdən biri o olub ki, Kursk vilayətindəki problem həll olunsa, Rusiya danışıqlara gedə bilər. Əlbəttə ki, bu Moskvanın özünün istədiyi və əvvəlcədən orada iştirak edən dövlətlərin əksəriyyətilə razılaşdırılmış məsələdir. Çünki görüşə hazırlıq çoxdan gedir. Rusiya üçün tədbirdə hansısa bir problemin yaranmaması əhəmiyyətlidir. BRICS heç bir idarəçilik və təşkilatı formaya malik olmayan siyasi qurumdur. İndiki halda da onun siyasi mahiyyəti önə çəkilir. Bununla göstərmək istəyirlər ki, hamı Rusiyadan çəkinməyə başladığı bir vəziyyətdə çoxsaylı ölkə Moskvanın dəvətilə Kazana yığışır. Belə fon Rusiya üçün çox vacibdir və onu korlamamaq üçün Moskva sözsüz ki, ehtiyatlı davranacaq".

Qeyd edək ki, BRICS ölkələri Kazan sammitinin yekun bəyannaməsinə daxil ediləcək Ukrayna ilə bağlı bəyanata dair razılığa gəliblər. Bu məlumatı Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov "Birinci Kanal"a açıqlamasında deyib. O, əlavə edib ki, bu, heç bir etiraz yaratmayan ümumi mövqedir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->