Xəbər lenti

Böyük şəhər bələdiyyələrinin yaradılması nəyi dəyişə bilər?
Ekonomiks 18:30 21.10.2024

Böyük şəhər bələdiyyələrinin yaradılması nəyi dəyişə bilər?

"Böyük şəhər bələdiyyələrinin yaradılması ilə maliyyə vəsaitlərinin daha qənaətli, səmərəli istifadəsinə keçiləcək”.

Qaynarinfo-ya açıqlamasında bunu bələdiyyə eksperti İlqar Hüseynli Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılmasının nəyi dəyişəcəyini şərh edərkən deyib:  

"Böyük şəhər bələdiyyələrinin yaradılması Azərbaycanın Avropa Xartiyası qarşısında götürdüyü öhdəlikdir. Bu barədə sənəd imzalanarkən, həmin tələb də orada əksini tapıb. İkinci bir tərəfdən, böyük şəhər bələdiyyələrinin yaradılması ilə şəhər təsərrüfatının idarə olunmasının seçki orqanı vasitəsilə icra olunmasına gətirib çıxaracaq. Hazırkı icra başçıları isə birbaşa Prezident tərəfindən təyin olunan şəxslərdir. Ona görə də onların bu gün seçicilər qarşısında hər hansı öhdəlikləri yoxdur. Ona görə də icraedici və təyin olunan orqandan birbaşa vətəndaşlar tərəfindən seçilmiş bir qurumun fəaliyyətinə keçid etməliyik. Böyük şəhər bələdiyyələri vəsaitlərdən daha səmərəli istifadə etməyə imkan yaradacaq. Çünki bələdiyyə qurumları seçicilər qarşısında hesabatlıdırlar”. 
 


Qeyd edək ki, Milli Məclisin son iclasında şəhələrdə böyük bələdiyyələrin yaradılması təklif edilib.

Bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa çıxış edib. O, bələdiyyələrin inkişafının təmin edilməli olduğunu vurğulayıb.

"Biz indiyə qədər böyük şəhər bələdiyyəsi yarada bilmədik. Bakı, Gəncə və Sumqayıtda böyük bələdiyyə yaradaraq bürokratik məsələləri də həll edə bilərik. Bu gün Bakının yüzlərlə problemi var ki, bu məsələdə bələdiyyənin hər hansı rolu yoxdur. Başqa yerlərdə görürük ki, nəqliyyatın idarəedilməsi bələdiyyənin əlindədir. Bu, dövlətin və icra orqanlarının da yükünü azaldacaq", - komitə sədri deyib.

Deputat bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməli olduğunu qeyd edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->