Böyük Britaniyanın müdafiə naziri Con Hilli bildirib ki, Britaniya sularına təhdid yaradan Rusiya gəmilərinin sayı 30 faiz artıb. O vurğulayıb ki, London Moskvanın addımlarını diqqətlə izləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC xəbər yayıb.
Nazirin sözlərinə görə, Britaniya yaxınlığında Rusiya gəmilərinin çoxalması Moskvanın bütün cəbhələrdə artan aqressiyasını göstərir. Bu aqressiya yalnız Ukraynaya deyil, bütün Avropaya təsir edir. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya sualtı qayıqlarının Şimali Atlantikadakı fəaliyyəti Soyuq müharibə illərinin səviyyəsinə çatıb.
Rusiya gəmilərinin aktivliyinin artması səbəbindən Britaniya Hərbi Hava Qüvvələri və Kral Donanması Şimali Atlantika üzərində müşahidəni gücləndirib. Bildirilir ki, britaniyalı pilotlar demək olar, hər gün — bəzən sutka ərzində fasiləsiz — uçuşlar həyata keçirirlər və bu əməliyyatlara tez-tez digər NATO müttəfiqləri də qoşulur.
Bundan başqa, Britaniya dənizdəki fəaliyyəti, o cümlədən Rusiya gəmilərinin hərəkətini izləmək üçün "P-8 RAF" patrul təyyarəsini havaya qaldırıb.
"Rusiya bizə meydan oxuyur, bizi sınağa çəkir, bizi izləyir. Amma bu təyyarələr bizə Putinə deməyə imkan verir: "Biz sizi izləyirik, biz sizin sualtı qayıqlarınızı ovlayırıq", deyə Hilli bildirib.
Britaniyanın müdafiə naziri həmçinin Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşüb. Pistorius qeyd edib ki, Şimali Atlantika strateji baxımdan mühüm regiondur və Rusiya nüvə sualtı qayıqları üçün hədəfdir.
"Buna görə də dənizdə nələrin baş verdiyini bilməliyik", deyə o əlavə edib.
Alman naziri həmçinin bildirib ki, hər keçən gün Rusiyanın Avropaya qarşı hibrid müharibə apardığını sübut edən faktlar artır – bu, dezinformasiya və dənizaltı infrastruktur üçün təhlükələrlə özünü göstərir.
Aydın
Şərhlər