"Səudiyyə Ərəbistanı və ABŞ arasında münasibətlərin mahiyyət etibarilə təhlükəsizlik konsepsiyası üzərində qurulması əslində görüntü xarakteri daşıyır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov ABŞ-la Səudiyyə Ərəbistanı arasında geniş hərbi və kəşfiyyat əməkdaşlığını əhatə edən müdafiə sazişi üzərində aparılan danışıqları şərh edərkən deyib.
Ekspertin fikrincə, ABŞ-ın vəd etdiyi təhlükəsizlik qarantiyası şərtidir:
"Əvvəla Səudiyyə Ərəbistanının Ərəb yarmadasında ciddi rəqibi və ya düşməni yoxdur. Düzdür, Yəmən hüsilərinin arabir Səudiyyəyə raket hücumu etməsini nəzərə alaraq müəyyən təhlükələrin olduğunu düşünmək olar. Amma bu zaman ABŞ-ın Səudiyyənin yanında müharibəyə girməsi absurddur".
Həmsöhbətimiz hesab edir ki, imzalanacaq sazişin əsas qayəsi Səydiyyə Ərəbistanına, külli miqdarda vəsait qarşılığında yenə silah və texnika satmaqdır:
"Tramp son Misir görüşündə ərəblərin pulunun çox olduğunu bildirmişdi. ABŞ əgər öz təhlükəsizlik qarantiyasını hansısa ölkəyə vəd edirsə, bilmək lazımdır ki, bunun qiyməti çox bahadır".
Qeyd edək ki, məlumatlara görə, hazırda Səudiyyə Ərəbistanı ABŞ-ın Tramp administrasiyası ilə geniş hərbi və kəşfiyyat əməkdaşlığını əhatə edən müdafiə sazişi üzərində danışıqlar aparır. Yeni saziş, iki ölkə arasında strateji ittifaqı möhkəmləndirməyi hədəfləyir və İsraillə normallaşma prosesindən asılı olmayaraq həyata keçirilir.
Bu, əvvəlki dövrdə irəli sürülən "saziş-normallaşma paketi” modelindən fərqlənir. Razılaşmanın mətni üzərində danışıqlar davam edir. Lakin layihəyə görə Krallığa edilən hər hansı hücum ABŞ-ın təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcək.
Sazişin noyabr ayında vəliəhd şahzadə Məhəmməd bin Salmanın Vaşinqtona səfəri zamanı imzalanması gözlənilir.
Rüfət Sultan
Şərhlər