Xəbər lenti

Belçika qəzəblidir:
Dünya 16:40 25.10.2025

Belçika qəzəblidir: "Bu pul müharibənin davam etdirilməsinə sərf olunacaq"

Ukraynaya "təzminat krediti" kimi dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi Belçika iqtisadiyyatına ciddi ziyan vuracaq və Moskva tərəfindən "müharibə aktı" kimi qəbul edilə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Belçikanın müdafiə və xarici ticarət naziri Teo Franken X sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Bart De Vever (Belçikanın baş naziri-red.) Euroclear-da dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı maksimum ehtiyatlı olmağa çağırmaqda haqlıdır", deyə o yazıb.

Franken əlavə edib ki, Rusiya lideri Vladimir Putin bu milyardları heç vaxt əldən verməyəcək. Onun sözlərinə görə, Kreml rəhbəri Rusiya aktivlərinin müsadirəsini "müharibə aktı" kimi qəbul edəcək və Belçikaya ciddi zərbə vuracaq:

"Bu, çox ağrılı olacaq. Və bəlkə də cavab olaraq, o, Rusiyada saxlanılan Qərbin 200 milyard dollarlıq daşınar və daşınmaz aktivlərini müsadirə edəcək. Bu, təkcə Belçika pulu deyil, həm də ABŞ, Almaniya və Fransa kimi böyük ölkələrin pulu olacaq. Beləliklə, dairə qapanacaq".

Franken əmindir ki, Rusiya aktivlərinin müsadirə edilməsi Euroclear və dövlət banklarına olan etimadı sarsıdacaq təhlükəli bir presedent yaradacaq:

"Bu mənada, anti-Qərb bloku üçün bu, hətta beynəlxalq kapital hərəkətini şübhə altına almaq üçün əla fürsətdir. Hətta İkinci Dünya Müharibəsi dövründə belə şübhəli müsadirə heç vaxt həyata keçirilməyib".

Franken bildirib ki, təzyiq yalnız Belçikaya göstərilir, digər Qərb ölkələrində dondurulmuş milyardlarla Rusiya pulu isə nəzərə alınmır.

"Niyə bu barədə danışmırıq? Niyə yalnız Euroclear pulu?", deyə siyasətçi qeyd edib.

Franken həmçinin Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın bu pulun Ukraynanın yenidən qurulmasına gedəcəyi ilə bağlı sözlərini də şübhə altına alıb:

"Əlbəttə ki, bu pul Ukraynanın yenidən qurulmasına getməyəcək, müharibənin davam etdirilməsinə sərf olunacaq. Amma bu doğrudur, müharibələr baha başa gəlir və rusların etdikləri təxəyyülün həddini aşır".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->