Qubadlı … Dağların qoynunda, Bərgüşad və Həkəri çaylarının səsi ilə beşikdəki körpələrə layla deyən bir diyar… Qubadlı deyəndə hər bir azərbaycanlının qəlbində xüsusi bir titrəyiş yaranır. Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. 802 kvadrat kilometr ərazisi olan bu rayon dağlıq relyefi, füsunkar təbiəti, məhsuldar torpaqları və zəngin yeraltı sərvətləri ilə tanınır.
Qubadlı torpaqları həm tarixi, həm də strateji baxımdan mühüm əhəmiyyətə malikdir. Rayonun ərazisindən axan Həkəri və Bərgüşad çayları kənd təsərrüfatının inkişafına şərait yaradıb. "Yazı düzü” və "Gəyən” kimi münbit sahələrdə taxıl, tütün, üzüm və bostan məhsulları becərilir, əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olurdu. Tarix boyu mərd, zəhmətkeş, torpağına bağlı insanların yurdu olmuş Qubadlı, 1993-cü ilin qara avqust günündə işğal ağrısını yaşadı. O gündən bu torpaq susdu, bulaqlar yetim qaldı, dağlar sanki başına qara duman çəkdi. Amma ümid heç zaman ölmədi. Qubadlı insanının ruhu əsir düşmədi. Hər kəsin qəlbində bir inam vardı — "Bir gün qayıdacağıq!”. Və o gün gəldi…
25 oktyabr 2020-ci il - Azərbaycan tarixinin qızıl səhifələrindən biri. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlı azad edildi. O gün şəhidlərimizin ruhu rahatlıq tapdı, bayrağımız yenidən doğma torpaqlarda dalğalandı. Bu, təkcə bir şəhərin azadlığı deyildi — bu, 27 illik nisgilin, ağrının, həsrətin bitməsi idi. Qubadlıya qayıdan hər addım, hər nəfəs bir dua kimi səsləndi: "Torpaq səni bağrına basdı, Qubadlı!”.
Bu torpaq yalnız dağlardan, çaylardan, meşələrdən ibarət deyil. Bu torpaq Vətən sevgisindən yoğrulub. Burada hər daşın, hər ağacın bir xatirəsi, bir şəhidin izi var. Qubadlının qəhvəyi dağ-meşə torpaqları, "Yazı düzü”, "Gəyən” düzləri bu gün yenidən canlanır, yenidən nəfəs alır. Bir vaxtlar tütünü, üzümü, taxılı ilə tanınan bu diyar indi yenidən dirçəlişin astanasındadır.
Qubadlılılar öz doğma yurdlarına qayıdır, hər kəs öz evini, öz həyatını yenidən qurur. Bu qayıdış sadəcə torpağa deyil — qürura, kimliyə, kökə qayıdışdır. Düşmən Qubadlıda güclü istehkamlar qurmuşdu, lakin Azərbaycan Ordusunun peşəkarlığı və fədakarlığı qarşısında bu müdafiə xətləri tab gətirmədi.
Əvvəlcə şəhəri əhatə edən yüksəkliklər azad edildi, daha sonra Xanlıq, Padar, Sarıyataq kimi kəndlər düşməndən təmizləndi. Nəhayət, 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri azad edildi. Noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.
İşğal illəri Qubadlı üçün faciə dövrü idi. 94 yaşayış məntəqəsi, minlərlə ev, sosial obyekt, məktəb, məscid və körpü yerlə-yeksan edilmiş, 30 minə yaxın sakin doğma yurdunu tərk etməyə məcbur olmuşdu. Qubadlı torpaqları qanunsuz şəkildə məskunlaşdırılır, təbii sərvətləri talan edilirdi. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.
Qubadlı indi azad nəfəs alır. O, artıq yalnız bir rayon deyil — Azərbaycanın dirəniş, qələbə və əbədiyyət simvoludur. İşğaldan sonra, Qubadlı rayonunda müsbət dəyişikliklərə əsaslanan infrastruktur layihələri və strateji addımların başlanması, hər bir azərbaycanlının qəlbində gurur hissi oyandırır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 sentyabr 2025-ci il tarixli "Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi ilə başlayan yeni dövr, həm əhalinin, həm də regionun həyatına ciddi təsir göstərməyə başlayıb. Bu plan, yalnız yeni binaların, kəndlərin inşası deyil, eyni zamanda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, müasir texnologiyalarla təchiz olunması və əlverişli yaşayış mühitinin yaradılmasını nəzərdə tutur. Qubadlıda həyata keçirilən ən mühüm layihələrdən biri də enerji təminatının möhkəmləndirilməsidir. 2021-ci ilin oktyabrında "Qubadlı” yarımstansiyasının açılışı və Füzuli rayonundakı "Şükürbəyli” yarımstansiyasından "Cəbrayıl” yarımstansiyasına qədər çəkilən yüksək gərginlikli elektrik xətti, Qubadlı şəhərinin və ətraf kəndlərinin dayanıqlı elektrik enerjisi ilə təmin olunmasını təmin etmişdir. Bu, yalnız elektrik enerjisi təminatını deyil, həm də əhalinin müasir, sürətli internetə çıxışını təmin etmişdir.
Gələcəyin şəhəri olan Qubadlıda bu cür infrastruktur inkişafı, həm də Azərbaycanın müasir dünyaya inteqrasiyasının bir təzahürüdür. Qubadlı rayonunun inkişafında mühüm yer tutan digər bir layihə isə yol infrastrukturlarının təkmilləşdirilməsidir. 28,5 km uzunluğunda tikilən Qubadlı-Eyvazlı avtomobil yolu, bu ərazinin sosial və iqtisadi inkişafına mühüm təsir edəcəkdir.
Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Qubadlı-Laçın avtomobil yolunun tikintisi ilə bağlı başlanılan layihə, regionun nəqliyyat əlaqələrini möhkəmləndirəcək, iqtisadi fəaliyyətləri və insanları bir araya gətirəcəkdir. Prezident İlham Əliyevin Qubadlıya etdiyi səfərlər və açılışlar, bu rayonun gələcəyinə olan ümidləri gücləndirən ən vacib anlardan olmuşdur. 2021-ci ildə Qubadlı rayonunda açılışı keçirilən yarımstansiya, hərbi hissə kompleksləri və digər mühüm obyektlər, bu ərazinin gələcək inkişafına açılan qapı olmuşdur. Prezidentin 2023-cü ildə Qubadlı şəhərindəki yeni yaşayış məhəllələrinin təməlqoyma mərasimlərində iştirakı, əhalinin dövlətə olan inamını artırmış və bu böyük işlərə dəstək verən Azərbaycan xalqının birliyini təcəssüm etdirən bir simvol olmuşdur.
Bütün bu infrastruktur layihələri və sosial-iqtisadi inkişaf addımları, Qubadlı rayonunun işğaldan sonra necə qısa müddətdə dirçəldiyini və Azərbaycanın inkişaf edən bir regionuna çevrildiyini göstərir.
Qubadlı azaddır! Qubadlıda həyat var!
Samirə Adəm qızı Hüseynova
Şərhlər