Dubayda yalnız qadınlar üçün nəzərdə tutulmuş və sutka ərzində fəaliyyət göstərən ilk özəl çimərlik istifadəyə verilib. Çimərlikdə yalnız qadın əməkdaşlar çalışır və gecə çimmək üçün xüsusi zonalar yaradılıb.
Qaynarinfo-nun "The Independent” nəşrinə istinadən məlumatına görə, əmirliyin şimal-şərqində yerləşən Al-Mamzar çimərliyi bu ayın əvvəlində həm yerli sakinlərin, həm də turistlərin istifadəsinə açılıb. Layihə Dubayın çimərlik və infrastruktur imkanlarının genişləndirilməsini nəzərdə tutan böyük yenidənqurma proqramının bir hissəsidir.
125 min kvadratmetr ərazini əhatə edən çimərlikdə məxfilik üçün xüsusi hasarlar quraşdırılıb. Ərazidə foto və video çəkilişi qadağandır. Təhlükəsizliyin təmin olunması üçün isə "ağıllı nəzarət sistemləri” tətbiq edilib.
Məlumata görə, BƏƏ-də əvvəllər də qadınlara xüsusi çimərlik zonaları və ya yalnız qadınların istifadəsi üçün ayrılmış günlər mövcud olub. Lakin yeni layihə 24 saat fasiləsiz xidmət göstərən ilk qadın çimərliyi hesab olunur.
Çimərlikdə xilasedicilər və təhlükəsizlik əməkdaşları da daxil olmaqla bütün heyət qadınlardan ibarətdir.
Ərazidə uşaqlar üçün oyun meydançası da yaradılıb. Buraya yalnız 6 yaşına qədər oğlan uşaqlarının analarının müşayiəti ilə daxil olmasına icazə verilir.
Qeyd olunur ki, Dubaydakı bəzi lüks hotellər turistləri cəlb etmək üçün böyük endirim kampaniyalarına başlayıb. Bununla yanaşı, şəhərin elit restoranları logistika problemləri səbəbindən bəzi məhsulları əldə etməkdə çətinlik çəkdikləri üçün menyularını dəyişməyə məcbur qalırlar.
Günay
Şərhlər