Hər il 760 min insanın ölümünə səbəb olan ağcaqanadlar yay aylarının yaxınlaşması ilə yenidən gündəmə gəlib. Dişi ağcaqanadlar qoxu, karbon qazı və bədən temperaturunu hiss edərək hədəf seçir. Mütəxəssislər qorunmaq üçün ağcaqanad torları, qovucular və dərini örtən geyimlər tövsiyə edirlər.
Qaynarinfo xəbər verir ki, alimlər bu ölümcül həşəratların seçimində yalnız qan qruplarının rol oynamadığını, ətraf mühit və bioloji faktorların daha təsirli olduğunu vurğulayır.
Mütəxəssislər bildirib: "Bədənimizin yaydığı qoxunun nəfəsimizlə çıxan karbon qazı ilə birləşməsi ağcaqanadları cəlb edir, bu həşəratlar bəzi insanların qoxusunu daha çox sevir".
Dünyada hər il orta hesabla 760 min insanın ölümünə səbəb olan ağcaqanadlar Şimal yarımkürəsində yay yaxınlaşarkən yenidən təhlükə yaradır. AFP-yə danışan mütəxəssislər yalnız dişi ağcaqanadların insanları sancdığını bildirir və qeyd edirlər ki, bu dişi ağcaqanadların xüsusilə bəzi insanları seçməsinin əsas səbəbi bədənimizin yaydığı özünəməxsus qoxular və karbon qazıdır.
Fransadakı İnkişaf Araşdırmaları İnstitutundan Frederik Simar bildirib ki, dişi ağcaqanadlar qoxu, karbon qazı, istilik və rütubət kimi siqnalları həssas reseptorlarla hiss edərək hədəf seçirlər.
İsveçli alim Rikkard İqnell isə deyib: "Ağcaqanadlar nəfəsimizdən çıxan karbon qazına cəlb olunur. Bu siqnal onlarla metr uzaqdan belə onları istiqamətləndirə bilir".
Bundan başqa, aparılan araşdırmalarda ağcaqanadların dəri yağ ifrazı yüksək olan insanları daha çox sancdığı müəyyən edilib.
Mütəxəssislər yay aylarında riskli bölgələrdə bədəni örtən geniş geyimlər geyinməyi, ağcaqanad toru və ağcaqanadlar qovuculardan istifadə etməyi, yüngül qidalanmağı və alkoqolu məhdudlaşdırmağı tövsiyə edirlər. Ağcaqanadlara qarşı mübarizədə dezinfeksiya işləri aparılsa da, elm dünyası genetik tədqiqatları davam etdirir.
Fransız mütəxəssis Simar ağcaqanadların qan qrupuna görə seçim etdiyi iddialarının elmi əsasının olmadığını bildirib: "Ağcaqanadlar müəyyən qan qruplarını üstün tutması fikri elmi cəhətdən təsdiqlənməyib. Onların seçimi qan qrupu, saç, dəri və göz rəngi ilə bağlı deyil".
Araşdırmalara görə, pivə içmək də bədən temperaturunu artırdığı, karbon qazı ifrazını yüksəltdiyi və dəri qoxusunu dəyişdirdiyi üçün ağcaqanadları cəlb edir. Malyariya daşıyıcısı olan anofel ağcaqanadlarının pivə içən insanlara daha çox yönəldiyi qeyd olunur.
* Ağcaqanadlar malyariya, danq qızdırması, sarı qızdırma, çikunqunya və Zika daxil olmaqla yoluxucu xəstəliklərin təxminən 17%-nin yayılmasında rol oynayır.
* 3500 ağcaqanad növündən yalnız təxminən 100 növün dişisi insanları sancır. Dişilər yumurta istehsalı üçün lazım olan proteini əldə etmək məqsədilə insan və heyvanlardan qidalanır.
* Qlobal istiləşmə xüsusilə çikunqunya virusunu daşıyan "pələng ağcaqanadı"nın yeni bölgələrə yayılmasına səbəb olur.
Aydın
Şərhlər