Xəbər lenti

Azərbaycan-İran hərbi təlimləri nə vəd edir? (ŞƏRH)
Siyasət 13:25 23.12.2024

Azərbaycan-İran hərbi təlimləri nə vəd edir? (ŞƏRH)

"Azərbaycan xüsusi təyinatlıları ilə İranın SEPAH qrupu arasında birgə təlimlərinə regionda baş verən bəzi halların da təsiri olub".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan xüsusi təyinatlıları ilə İran SEPAH-ı arasında Ərdəbil vilayətində keçirilən birgə hərbi təlimləri şərh edərkən deyib.

"Adətən, bu cür təlimlərin giriş hissəsində qeyd edilir ki, dünyada baş verən müəyyən neqativ məqamların, regionda baş verən destabilizasiya hallarının qarşısını almaq üçün birgə məşqlər keçirməyə qərar verirlər", deyə Üzeyir Cəfərov bildirib.
 

 
Ekspert qeyd edib ki, İranla keçirilən birgə təlimlər heç də növbəti mərhələdə İran və Azərbaycan hərbçilərinin şərti olaraq Afrika və ya Asiya ərazisində hansısa birgə praktiki işlər həyata keçirəcəkləri anlamına gəlmir:

"Hər iki ölkə fərqli istiqamətdədir, fərqli ordu quruluşuna malikdirlər. Azərbaycanla İran arasında zaman-zaman həm müsbət, həm də bəzi narahatedici məqamlar baş verir. Bu mənada SEPAH-la Azərbaycan xüsusi təyinatlıları arasında keçirilən təlimlər iki ölkə arasında münasibətlərin pozitiv notlara köklənməsi məqsədilə keçirilir. İran ordusunun strukturu və döyüş hazırlığı ilə Azərbaycan Ordusunun strukturu və döyüş hazırlığı arasında texniki və taktiki baxımdan böyük fərq var. Təlimlər regionda baş verə biləcək hadisələr fonunda hər iki ölkənin xüsusi təyinatlılarının birgə kordinasiya edilmiş şəkildə fəaliyyət göstərmələri məqsədilə keçirilir. Bu sayaq təlimlər əvvəllər də olub. Onlar nəzəri baxımdan sərhəddə yarana biləcək narahatçılıqlar fonunda birgə fəaliyyətin həyata keçirilməsi, şəxsi heyətin tapşırıqları yerinə yetirilməsi nöqteyi-nəzərindən aktuallıq kəsb edir. Bundan əvvəl də belə təlimlər keçirilib və həmin vəziyyət 2025-ci ildə bir qədər də intensivləşəcək. Ona görə belə təlimlərə hansısa fövqəladə hadisə kimi yanaşmamalıyıq. Bu, hərbçilərin adi iş rejimlərindən biridir".

Qeyd edək ki, İranın şimal-qərbindəki Ərdəbil vilayətində Azərbaycan xüsusi təyinatlılarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iştirakı ilə manevrlər keçirilib. İran dini liderinin xarici işlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib ki, İran-Azərbaycan birgə hərbi təlimləri iki ölkə arasında artan qarşılıqlı etimadın simvoludur:

"Bu manevrlər regionun tarixində dönüş nöqtəsidir və bu həssas ərazidə davamlı sülh və təhlükəsizliyin əsasını qoyur. Liderin Cənubi Qafqazla bağlı apardığı ağıllı siyasətin nəticəsi olan birgə hərbi təlimlər İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qardaşlıq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsini əks etdirir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->