Xəbər lenti

Aqrar sektorda yeni mərhələ: Dövlət Proqramı nəyi dəyişəcək?
Ekonomiks 12:33 26.05.2026

Aqrar sektorda yeni mərhələ: Dövlət Proqramı nəyi dəyişəcək?

"Bu Dövlət Proqramının əsas məqsədi Azərbaycanda kənd təsərrüfatını daha məhsuldar, müasir və gəlirli sahəyə çevirməkdir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli kənd təsərrüfatının inkişafı ilə bağlı təsdiqlənən yeni Dövlət Proqramını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, proqramın icrası fermerlər üçün bir sıra yeni imkanlar yarada bilər:

"Proqram çərçivəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi, yerli istehsalın artırılması, kənd təsərrüfatında emal sənayesinin inkişafı və ixrac imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafına da xüsusi diqqət ayrılır".

Akif Nəsirli bildirib ki, proqram fermerlərə dövlət dəstəyinin artmasına da şərait yarada bilər:

"İlk növbədə subsidiyaların, güzəştli kreditlərin və dövlət dəstəyinin artırılması gözlənilir. Müasir suvarma sistemləri, yeni texnologiyalar və aqrar texnikaya çıxış  imkanlarının genişlənməsi məhsuldarlığın yüksəlməsinə kömək edə bilər. Emal müəssisələrinin inkişafı isə fermerlərin məhsullarını daha rahat satmasına və əlavə gəlir əldə etməsinə şərait yaradacaq".
 


Ekspert vurğulayıb ki, proqram çərçivəsində taxılçılıq, pambıqçılıq və heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi, torpaqdan daha səmərəli istifadə və hüquqi bazanın təkmilləşdirilməsi də nəzərdə tutulur:
 
"Bu addımlar kənd yerlərində yeni iş yerlərinin  açılmasına, kənd əhalisinin gəlirlərinin artmasına və kənd təsərrüfatının rəqabət qabiliyyətinin yüksəlməsinə təsir göstərə bilər. Proqramın səmərəliliyi isə onun necə həyata keçiriləcəyindən asılı olacaq. Hər halda, bu proqram 2003-cü ildən etibarən 20 il ərzində icra olunan regionların sosial-iqtisadi inkişaf proqramlarından daha çox istehsal yönümlü olması ilə fərqlənir".

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib. Proqramda 2026–2030-cu illərdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı nəzərdə tutulur.
 

Bahar Rüstəmli
--> -->