İran hədəflərinə hücum edilərsə, İran İsrailə "ağrılı” cavab verəcək. Amerikanın THAAD raketdən müdafiə sistemləri bu halda İsrailə kömək edə bilməyəcək.
Qaynarinfo xəbər verir ki, bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri general-leytenant Hüseyn Səlami İslam İnqilabı Keşikçiləri Korpusunun vəfat etmiş baş komandan müavini Abbas Nilforuşanla vida mərasimi zamanı
deyib.
"Biz həmişə verdiyimiz sözlərə əməl edirik. Əgər siz həm İran ərazisində, həm də regionda bizim hər hansı obyektimizə hücum etsəniz, biz ağır cavab verəcəyik”, deyə komandir bildirib.
O əlavə edib ki, İran Amerikanın THAAD raketdən müdafiə sistemlərinə uğurla müqavimət göstərmək iqtidarındadır və İsrail onlara etibar etməməlidir, çünki Tehran onların bütün zəif və həssas tərəflərini bilir.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının sözlərinə görə, İranın oktyabrın 1-də HƏMAS, Hizbullah və SEPAH-ın yüksək rütbəli üzvlərinin məhv edilməsinə cavab olaraq həyata keçirdiyi kütləvi raket hücumu yalnız xəbərdarlıq xarakteri daşıyır. General bildirib ki, yəhudi dövləti bundan ibrət dərsi almalı idi.
Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə 200-dən çox raket atıb və onların əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. İran hücumu "Hizbullah" lideri Həsən Nəsrullah və SEPAH general-mayoru Abbas Nilforuşanın ölümünə cavab adlandırıb. İsrail ordusu ciddi və əhəmiyyətli cavab vəd edib. Oktyabrın 15-də məlum olub ki, ölkə rəhbərliyi qarşıdan gələn hücumun vaxtını və üsulunu seçib.
Nizami Bağırov
Şərhlər