İsveçin Helsinqborq şəhərində NATO xarici işlər nazirlərinin görüşü ərəfəsində Almaniyanın xarici işlər naziri Yohann Vadeful Berlinin alyans daxilində daha böyük liderlik məsuliyyəti götürməyə hazır olduğunu bildirib.
"Bizim məqsədimiz Almaniya və Avropanın iqtisadi və hərbi potensialını əks etdirən yeni məsuliyyət bölgüsü modelidir”, — deyə Vadeful İsveçə yola düşməzdən əvvəl Berlində bildirib və əlavə edib ki, "Almaniya öz liderlik məsuliyyətini qəbul edir”.
"Biz Avropa üçün daha böyük rolu olan daha güclü NATO istəyirik”, — deyə nazir vurğulayıb. "Buna nail olmaq üçün sənaye imkanlarımızı daha sıx müdafiə əməkdaşlığı vasitəsilə birləşdirmək niyyətindəyik”.
Nazir əlavə edib ki, Almaniya NATO-nun ÜDM-in 5 faizi həcmində müdafiə xərcləri hədəfinə çatmaq və müdafiə imkanlarını mümkün qədər sürətlə gücləndirmək istəyir.
2025-ci il NATO sammitində alyans üzvləri gələcəkdə ümumi daxili məhsulun ən azı 3,5 faizini müdafiə xərclərinə yönəltmək barədə razılığa gəliblər. Əlavə olaraq 1,5 faiz müdafiə ilə əlaqəli sahələrə, o cümlədən infrastruktura ayrılacaq və bununla ümumi hədəf 2035-ci ilə qədər illik 5 faizə çatdırılacaq.
Rutte: Bir çox üzv Ukraynaya dəstək üçün kifayət qədər vəsait ayırmır
Almaniyalı nazir həmçinin "Avropada azadlığın müdafiəsində Ukraynaya güclü dəstəyi necə davam etdirə biləcəyimizlə bağlı konkret təkliflər” təqdim etməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, bu, NATO-nun Ukrayna müdafiə sənayesinin nailiyyətlərindən faydalanması yollarını da əhatə edir.
Bu arada NATO-nun baş katibi Mark Rutte bildirib ki, alyans üzvlərinin bir çoxu Ukraynanın Rusiyanın genişmiqyaslı işğalına qarşı müdafiəsinə kifayət qədər maliyyə dəstəyi göstərmir.
Rutte Helsinqborqda jurnalistlərə deyib ki, Ukraynaya yardım "hazırda NATO daxilində bərabər şəkildə bölüşdürülmür”.
"İsveç də daxil olmaqla bəzi ölkələr Ukraynaya dəstək məsələsində imkanlarından daha artıq töhfə verirlər. Kanada, Almaniya, Niderland, Danimarka və Norveç də bu sıradadır”, — deyə o bildirib.
"Lakin Ukraynaya dəstək məsələsində kifayət qədər vəsait ayırmayan çox sayda ölkə də var”, — deyə Rutte əlavə edib.
Rubio NATO-nun İran məsələsində mövqeyini tənqid edib
Nazirlərin Helsinqborqdakı görüşündə Avropanın müdafiəsinin gücləndirilməsi ilə yanaşı, İranla bağlı vəziyyət və Hörmüz boğazının mümkün blokadası məsələlərinin də müzakirə olunacağı gözlənilir.
ABŞ dövlət katibi Marko Rubio cümə günü İsveçə gələcək. Sammitə yollanarkən o, NATO-nun ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına dəstək verməməsini yenidən tənqid edib.
ABŞ prezidenti Donald Tramp "onlardan qırıcı təyyarələr göndərməyi tələb etmir. Amma onlar heç nə etmək istəmirlər”, — deyə Rubio jurnalistlərə bildirib. "Biz bundan çox narazı qaldıq”.
Bu yaxınlarda Almaniya kansleri Fridrix Mertsin tənqidi açıqlamalarından sonra Tramp Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılacağını elan edib.
Bundan əlavə, minlərlə hərbçinin Polşaya yerləşdirilməsi planının həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı da qeyri-müəyyənlik yaranıb.
Şərhlər