Almaniyada Rusiyayönlü ritorikası ilə tanınan ultra solçu BSW Partiyasının lideri Sara Vaqenknext "Şimal axını" qaz kəmərlərinə edilən hücumlarla bağlı açıqlama tələb edir.
Qaynarinfo xəbər verir ki, Vaqenknext "Şimal axını" qaz kəmərlərinə hücumlarla əlaqədar federal hökumətin rolunu aydınlaşdırmaq üçün Bundestaqda araşdırma komissiyası yaratmağa çağırıb.
Onun fikrincə, komissiya Almaniya hakimiyyəti və hökumət nümayəndələrinin hücum planlarından xəbəri olub-olmadığını araşdırmalıdır.
"Əgər Almaniya hakimiyyətinin hücum planı barədə əvvəlcədən bildiyi ortaya çıxsa, o zaman biz ölkə siyasətində əsrin qalmaqalı ilə qarşılaşacağıq", deyə Vaqenknext bildirib.
"Şimal axını" qaz kəmərinin partlaması bizim enerji təchizatımıza terror hücumu olub", deyə Vaqenknext əlavə edib. O, federal hökuməti işi araşdırmaq üçün heç nə etmədiyinə görə tənqid edib.
Avqustun 14-də bir neçə alman mediası, xüsusən ARD, "Süddeutsche Zeitung" (SZ) və "Die Zeit" xəbər verib ki, iyunun əvvəlində baş prokuror Rommel partlayışda əsas şübhəli olan ukraynalı dalğıc təlimatçısı Vladimir üçün ilk həbs orderi verib.
Bununla belə, Almaniyanın "Spiegel" nəşri yazır ki, Almaniyanın "Şimal axını" qaz kəmərinin bombalanmasında iştirak etdiyinə görə Polşada həbs etmək üzrə olduğu ukraynalı, ehtimal ki, həbslə bağlı xəbərdarlıq edildiyi üçün Polşa ərazisini tərk edib.
Cümə axşamı, avqustun 15-də "The Wall Street Journal" Ukraynanın yüksək vəzifəli şəxslərinin Baltik dənizində qaz kəmərinin partladılmasında əli olduğunu yazıb. Xüsusilə prezident Volodimir Zelenskinin "Şimal axını"nı pozmaq əməliyyatını bəyəndiyi, sonra isə onu ləğv etməyə cəhd etdiyi iddia edilir. Əməliyyatın Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının nəzarəti altında keçirildiyi iddia edilir.
Alpər
Şərhlər