Afrikada diqqətçəkən bir təbiət prosesi qeydə alınıb: ağaclar genişmiqyaslı əkin kampaniyaları olmadan, əvvəllər qırılmış ərazilərdə yenidən bərpa olunur.
Qaynarinfo xəbər verir ki, "EcoNews”un məlumatına görə, bu proses xüsusilə Tanzaniyanın mərkəzi hissəsində aydın müşahidə edilir.
Məlumata əsasən, meşələrin bərpası təsadüf və ya möcüzə nəticəsi deyil, idarəetmə yanaşmasının dəyişməsi ilə bağlıdır. Yerli icmalar "yeraltı meşə” adlanan metoddan istifadə etməyə başlayıblar. Bu yanaşma "Farmer Managed Natural Regeneration” (fermer tərəfindən idarə olunan təbii bərpa) adlanır.
Alimlərin izahına görə, ağac kəsildikdən sonra belə onun kök sistemi çox vaxt canlı qalır və yeni cücərtilər verə bilir. Bu cücərtilərin düzgün idarə olunması meşənin bərpasında əsas rol oynayır.
Bu metod ən güclü cücərtilərin seçilməsini, zəiflərin isə budanmasını nəzərdə tutur. Beləliklə, bitki enerjisini bir neçə əsas gövdənin inkişafına yönəldir. Fermerlər həmçinin gənc ağacları mal-qaradan qoruyurlar, çünki otlaq heyvanları cücərtiləri məhv edə bilir.
Məqalədə qeyd olunur ki, quraq bölgələrdə aparılan ənənəvi ağacəkmə kampaniyaları çox vaxt uğurlu olmur. Səhralaşma bölgəsi olan Saheldə əkilən ağacların 80 faizdən çoxunun məhv olduğu bildirilir. Səbəb isə su çatışmazlığı və kifayət qədər qulluq göstərilməməsidir.
Əksinə, mövcud kök sistemindən istifadə yeni ağaclara üstünlük verir, çünki onlar artıq dərin köklərə malikdir və quraqlığa daha dözümlüdür.
Məlumata görə, Tanzaniyanın Dodoma bölgəsində artıq 15 milyondan çox ağac və yüz minlərlə hektar meşə sahəsi bərpa edilib. Su idarəetmə layihələri də bu prosesi dəstəkləyir.
"PLOS Climate” jurnalında dərc olunan araşdırma göstərir ki, ağacların bərpası yerli əhalinin həyatına birbaşa təsir edir. Fermerlər məhsul yetişdirmə şəraitinin yaxşılaşdığını, torpağın daha az qızdığını və məhsulların keyfiyyətinin yüksəldiyini bildirirlər.
Aydın
Şərhlər