Xəbər lenti

Paşinyanla bağlı
Dünya 11:38 31.03.2026

Paşinyanla bağlı "kilsə qiyamı": Saxlanılanların sayı artır, suallar isə açıq qalır

İrəvanda Müqəddəs Anna kilsəsində baş nazir Nikol Paşinyanla bağlı baş verən insident ölkədə ciddi rezonans doğurub. Hadisə ilə əlaqədar saxlanılan şəxslərin sayı üçə çatıb. Bildirilir ki, saxlanılanlar xuliqanlıqda, həmçinin vəzifəli şəxsin xidməti və siyasi fəaliyyətinə müdaxilədə şübhəli bilinirlər. Onlar müvafiq sənədlərlə birlikdə Ermənistanın İstintaq Komitəsinə təqdim olunublar. 

Məlumata görə, insident zamanı bəzi şəxslər Paşinyana yaxınlaşaraq onu vurmağa cəhd ediblər. Təhlükəsizlik əməkdaşlarının operativ müdaxiləsi nəticəsində vəziyyət nəzarət altına alınıb və daha ağır nəticələrin qarşısı alınıb.  

Hadisədən sonra saxlanılan şəxslərin evlərində də axtarış aparılıb. Vəkil Vardui Elbakyan bildirib ki, istintaq orqanları kilsədə baş verənlərin əvvəlcədən planlaşdırıldığına dair sübut axtarıblar. Lakin aparılan axtarış zamanı belə bir planı təsdiqləyən heç bir material aşkarlanmayıb. 

Bu isə hadisənin spontan olub-olmaması ilə bağlı sualları açıq saxlayır. Hadisə zamanı saxlanılan şəxslərin Paşinyanın siyasi fəaliyyətinə müdaxilə cəhdləri onun yaxınlığına daxil olaraq fiziki qarşıdurma yaratmaq təşəbbüsü ilə ifadə olunub. Bu cür hərəkətlər artıq sadə etiraz forması deyil, birbaşa təhlükəsizlik riski və vəzifəli şəxsin fəaliyyətinə fiziki müdaxilə kimi qiymətləndirilir. 

Eyni zamanda, istintaqın "hadisə əvvəlcədən  planlaşdırılıb” versiyasını təsdiqləyəcək sübut tapmaması insidentin tam spontan olduğunu göstərmir. Bu, yalnız hazırkı mərhələdə planlaşdırılmış hücumu təsdiqləyən kifayət qədər dəlilin olmadığını göstərir. Hadisə həm spontan, həm də qismən əvvəlcədən düşünülmüş ssenari kimi qiymətləndirilə bilər. Belə bir insident Ermənistan cəmiyyətində həm siyasi, həm də ictimai baxımdan ciddi nəticələr doğura bilər. Siyasi müstəvidə hakimiyyətə təzyiq arta, müxalifət hökumətin təhlükəsizlik siyasətini tənqid edə və ümumi siyasi gərginlik dərinləşə bilər. 

Bununla yanaşı, dövlət rəsmilərinin mühafizəsinin gücləndirilməsi və ictimai tədbirlərdə nəzarətin sərtləşdirilməsi ehtimalı yüksəlir. İctimai müstəvidə isə cəmiyyətdə qütbləşmə arta, tərəflər arasında gərginlik dərinləşə və etiraz aksiyalarının intensivliyi dəyişə bilər. Bu kimi hadisələr eyni zamanda ümumi narahatlığı artırır. 

Ümumilikdə, belə insidentlər təkcə lokal hadisə kimi qalmır, ölkənin siyasi mühitinə və ictimai psixologiyasına geniş təsir göstərir. Araşdırmaçılar hesab edirlər ki, seçkilər yaxınlaşdıqcaq belə insidentlərin sayı artacaq...

Siyasət şöbəsi
--> -->