2020-ci ilin iyul ayında Los Anceles şəhərində yerləşən Azərbaycan Baş Konsulluğunun önündə minlərlə erməninin 30 azərbaycanlının üstünə hücum etməsi zamanı ora gələrək, həmyerlilərimizə yardım edən Fəxri Mirzəquliyev hazırda çətin vəziyyətdədir.
Qaynarinfo xəbər verir ki, ermənilər dayanmadan Los Ancelesin şerif departamentində şerif işləyən Fəxri Mirzəquliyevdən şikayət edir. Vəziyyət o yerə çatıb ki, həmyerlimiz işini itirmək təhlükəsi ilə üzləşib.
Ermənilər təkcə Fəxrinin işdən çıxarılması ilə kifayətlənmək istəmir. Ona müxtəlif damğalar vuraraq, hətta həbsinə çalışır.
Fəxri Mirzəquliyev isə hüquqlarını müdafiə etməkdə çətinlik çəkir. Belə ki, Amerikada hüquqi müstəvidə hər hansı dəstək almaq, peşəkar vəkil müdafiəsini təşkil etmək çox bahalı xidmətdir və yüz minlərlə ABŞ dollarına başa gələ bilər. Fəxrinin belə köməksiz vəziyyətindən isə müəyyən dairələr yararlanmağa və Azərbaycan dövlətinə, onun siyasi rəhbərliyinə olan etimadı sarsıtmağa çalışırlar. Ortaya belə iddialar buraxılır ki, guya dövlət Fəxri Mirzəquliyevi meydanda tək qoyub.
Halbuki Los Ancelesdə məlum olaylardan sonra Azərbaycanın bu şəhərdəki Baş Konsulluğu hadisə zamanı bu və ya digər formada zərər çəkənlərə yardım olunacağını bəyan etmişdi. Bundan başqa, Prezident səviyyəsində hadisələrin iştirakçısı olan soydaşlarımıza yardım edilməsi barədə qərar verilmişdi.
İlham Əliyevin bu tip məsələlərdə qəti mövqeyi bəllidir. Ən azı Ramil Səfərov olayı yaddaşlardan silinməyib. Məhz Prezidentin səyləri nəticəsində yad ölkədə erməni təxribatının qurbanı olan Ramil Səfərov ömürlük həbsdən azad edildi.
Bu baxımdan, Fəxri Mirzəquliyevin köməksiz qalmasının səbəbini Azərbaycanın siyasi rəhbərliyinin aktivinə yazmaq doğru olmazdı.
Məsələnin kökündə heç şübhəsiz bulanıq suda balıq tutmaq cəhdləri dayanır. Fəxri Mirzəquliyevin düşdüyü durumdan siyasi maraqlar naminə istifadə edilməsi cəhdləri də bunu sübut edir.
Fəxri Mirzəquliyev ABŞ vətəndaşı olsa da, azərbaycanlıdır. İlham Əliyev isə hələ 2003-cü ildə - ilk dəfə Azərbaycanın prezidentı seçiləndə dünyada yaşayan 50 milyon azərbaycanlının prezidenti olduğunu bəyan etmişdi. Onun siyasi hakimiyyəti dövründə bu bəyanatına necə sadiq qaldığının dəfələrlə şahidi olmuşuq. Heç şübhəsiz bu dəfə də Prezidentimiz nəyin necə ediləcəyini hamıdan yaxşı bilir. Yetər ki, bu hadisə ilə bağlı xaricdəki bəzi dairələrin spekulyasiyalara son qoyulsun...
Aydın
Şərhlər