Xəbər lenti

ABŞ-Çin yaxınlaşması: Ukrayna müharibəsinə son, yoxsa yeni mərhələ? (ŞƏRH)
Dünya 18:38 30.10.2025

ABŞ-Çin yaxınlaşması: Ukrayna müharibəsinə son, yoxsa yeni mərhələ? (ŞƏRH)

"ABŞ-la Çin arasında danışıqların alınması, hansısa ümumi razılıqların əldə olunması dünyada sülh və əməkdaşlıq baxımından mütərəqqi hadisədir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ prezidenti Donald Trampla Çin lideri Si Szinpin arasında keçirilən görüşü şərh edərkən deyib. 

"Hazırkı məqamda dünyanın hansısa bir nöqtəsində hansı hadisə baş verirsə versin, onların hamısının fövqündə Amerika-Çin münasibətləri dayanır. Elə bir qitə, region, elə bir ölkə yoxdur ki, bu münasibətlərin səviyyəsi ona təsir etməsin. İstər Rusiya-Ukrayna müharibəsi, istər Avropa İttifaqının müəyyən məsələlərdə tutduğu mövqeyi olsun, bunların hər birinə Pekin-Vaşinqton münasibətlərinin səviyyəsi öz təsirini göstərir. O baxımdan ABŞ-la Çin arasında danışıqların alınması, hansısa ümumi razılıqların əldə olunması dünyada sülh və əməkdaşlıq baxımından mütərəqqi hadisədir", deyə ekspert bildirib. 

Bununla belə həmsöhbətimiz Vaşinqton-Pekin razılaşmalarına əməl olunacağına da tam əmin deyil:

"Ancaq ABŞ-Çin münasibətləri elə bir ipdir ki, onun üstünə "heç zaman odun yığmaq olmur”. Dəfələrlə onlar arasında münasibətlərdə bu kimi müəyyən razılıqlar əldə olunub. Ancaq bu razılıqların hansısa bir formaya düşəcəyinə, ona əməl olunacağına isə heç bir zəmanət yoxdur. Odur ki, danışıqların hansısa əhəmiyyətinin olub-olmadığını müəyyənləşdirmək üçün müəyyən dövr ərzində cərəyan edən prosesləri izləməliyik. Çünki danışıqların nəticəsinin sənəddə olması, hələ o demək deyil ki, başqa nələrsə olmayacaq. Hər halda indiki mərhələdə Azərbaycanın həmin iki ölkə ilə münasibətlərində hər hansı bir dəyişikliyə, əlavə dəqiqləşdirməyə ehtiyac yoxdur".
 


Ukrayna müharibəsini dayandırmaq üçün tərəflərin birgə işləyəcəyinə gəldikdə isə, ekspert düşünür ki, Pekin bütün hallarda bu məsələdə ehtiyatlı davranacaq:

"Tramp hakimiyyətə gələndən Ukrayna müharibəsini dayandırmaq üçün çalışdığını bəyan edir. Amma hələ ki, bu istiqamətdə konkret nəticə görmürük. Üzdə hansısa razılığın əldə olunması hələ arxada əlin necə işləyəcəyinə zəmanət vermir. Çinin Rusiya ilə ticarət əlaqələrini dondurması ilə bağlı Qərbin indiyə qədər müxtəlif cəhdləri olub. Amma bunu dəyişmək cəhdləri heç bir real nəticə verməyib. Çin bu məsələdə kifayət qədər ehtiyatlı davranacaq. Bununla belə, Trampın istəyinə real olaraq cavab-verib verməyəcəkləri bəli deyil və xeyli dərəcədə şübhəlidir".

Qeyd edək ki, Cənubi Koreyanın Pusan şəhərində ABŞ prezidenti Donald Trampla Çin lideri Si Szinpin arasında baş tutan görüşdə bir sıra mühüm razılaşmalar əldə edilib.   Bu barədə məlumat verən Tramp bildirib ki, tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə edərək, ona son qoymaq üçün birlikdə işləmək barədə razılığa gəliblər: "Biz bu məsələni ətraflı müzakirə etdik və həll yoluna nail olmaq üçün birlikdə işləmək barədə razılığa gəldik".

Tramp həmçinin tezliklə imzalana biləcək ticarət razılaşmasına nail olduqlarını da deyib. O, ABŞ-ın fentanil komponentlərinin ABŞ-a ixracının dayandırılması müqabilində bütün Çin mallarına tarifləri dərhal endirəcəyini, Pekinin Amerika soya paxlasının idxalını bərpa edəcəyini və nadir torpaq metallarının ixracına maneələr yaratmağı dayandıracağını bildirib.

Tramp sonda elan edib ki, ABŞ Çin mallarına tarifləri 20%-dən 10%-ə endirəcək. Lakin o, danışıqlarda Çinin Rusiyadan neft alması mövzusuna az diqqət yetirildiyini də diqqətə çatdırıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->