Xəbər lenti

Rusiya Ayda atom stansiyası tikməyi planlaşdırır: Media detalları öyrəndi
Dünya 14:45 24.12.2025

Rusiya Ayda atom stansiyası tikməyi planlaşdırır: Media detalları öyrəndi

Rusiya Federasiyası, ay kosmik proqramının və Çinlə birgə fəaliyyət göstərəcək tədqiqat stansiyasının enerji təchizatını təmin etmək üçün 2036-cı ilə qədər Ayda atom elektrik stansiyası yerləşdirməyi planlaşdırır. 

Qaynarinfo xəb ər verir ki, bu barədə "Reuters” agentliyi Rusiyanın "Roskosmos" dövlət korporasiyasının bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu təşəbbüs aparıcı dövlətlərin Yerin yeganə təbii peyki olan Ayın tədqiqi uğrunda yarışının aktivləşdiyi bir vaxtda ortaya çıxıb. Moskva, sovet kosmonavtı Yuri Qaqarinin kosmosa çıxan ilk insan olduğu 1961-ci ildən bəri fəxr etdiyi əsas kosmik güclərdən biri statusunu geri qaytarmağa çalışır.

Lakin nəşrdə qeyd olunur ki, son onilliklərdə Rusiya ABŞ-dan və getdikcə güclənən Çindən əhəmiyyətli dərəcədə geri qalıb. 2023-cü ilin avqustunda "Luna-25" pilotsuz missiyasının qəzaya uğraması — aparatın Ay səthinə eniş cəhdi zamanı parçalanması — Rusiyanın kosmik ambisiyalarına ciddi zərbə olub. "İlon Maskın fəaliyyəti ilə bağlı kosmik buraxılışlardakı inqilab Rusiyanın bu sahədəki ənənəvi mövqelərini sarsıdan əlavə amil oldu", - deyə "Reuters” yazır.

Layihə haqqında nə məlumdur?

"Roskosmos"dan bildirilib ki, elektrik stansiyasının tikintisi üçün artıq "Lavoçkin adına BMB" (NPO) aviakosmik şirkəti ilə müqavilə imzalanıb. Gözlənilir ki, bu stansiya Rusiyanın ay proqramının elementlərini — o cümlədən ayda hərəkət edən aparatları (lunoxodlar), elmi rəsədxananı, həmçinin RF-nin Çinlə birgə yaratmağı planlaşdırdığı Beynəlxalq Ay Tədqiqat Stansiyasının infrastrukturunu enerji ilə təmin edəcək.

"Bu layihə Ayda daimi fəaliyyət göstərən elmi stansiyanın yaradılmasına və birdəfəlik missiyalardan onun mənimsənilməsi üzrə uzunmüddətli proqrama keçid üçün mühüm addımdır", - deyə "Roskosmos"dan qeyd ediblər.

Nüvə komponenti — birbaşa bəyanat olmadan

Bəyanatda elektrik stansiyasının atom stansiyası olacağı birbaşa göstərilməsə də, layihə iştirakçıları arasında "Rosatom" və Kurçatov İnstitutunun — Rusiyanın nüvə texnologiyaları sahəsində aparıcı strukturlarının adları çəkilir. Məqalədə deyilir ki, bu, planlaşdırılan enerji obyektinin faktiki olaraq nüvə xarakterli olduğunu təsdiqləyir.

Bundan əvvəl, iyun ayında "Roskosmos"un rəhbəri Dmitri Baqanov bildirmişdi ki, korporasiyanın strateji hədəfləri arasında Ayda atom elektrik stansiyasının yerləşdirilməsi, həmçinin Yerin "bacı-planeti" adlandırılan Veneranın tədqiqi də var.

Ay niyə vacibdir?

Ay Yer kürəsindən təxminən 384 min kilometr məsafədə yerləşir. O, Yer oxunun meylinin sabitləşməsində mühüm rol oynayır ki, bu da planetdə nisbətən sabit iqlimi təmin edir, həmçinin okean qabarma və çəkilmələrinin səbəbidir.

Yeni kosmik yarış fonunda Ay getdikcə təkcə tədqiqat obyekti kimi deyil, həm də insanın Yer kürəsindən kənarda uzunmüddətli mövcudluğu üçün potensial platforma kimi nəzərdən keçirilir.

Çin və RF nə istəyir? – Ekspert rəyi

Xatırladaq ki, politoloq, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin müdafiə məsələləri üzrə eksperti Set Cons hesab edir ki, Çin-Rusiya əməkdaşlığı nəinki dərinləşir, həm də aktiv aqressiv hərəkətlərə keçib. O, misal gətirib: dekabrın 9-da Çin və Rusiya bombardmançıları, həmçinin digər təyyarələri Yaponiya və Cənubi Koreya yaxınlığında uçuşlar həyata keçirib ki, bu da ABŞ və Yaponiyanı qırıcı və bombardmançılarını həyəcanla havaya qaldırmağa məcbur edib. Politoloqun fikrincə, Çin və RF ABŞ-ı əsas düşmən kimi görür və öz güclərini ABŞ və müttəfiqlərinin hesabına genişləndirməyə çalışırlar.

Alpər
--> -->