Ukraynanın ABŞ ilə birlikdə hazırladığı müharibənin başa çatdırılması planının maddələrindən biri ərazi məsələsinə aiddir və bu istiqamətdə hazırda bir neçə mümkün variant mövcuddur.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərlə görüşündə Ukrayna prezidenti Vladimir Zelenski
bildirib.
Onun sözlərinə görə, planın bu bəndində Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində razılaşmanın imzalandığı tarixdə qoşunların mövcud yerləşmə xəttinin de-fakto təmas xətti kimi tanınması variantı nəzərdən keçirilir.
Prezidentin sözlərinə görə, bundan sonra münaqişənin dayandırılması üçün zəruri qüvvə yerdəyişmələrini müəyyənləşdirmək, həmçinin mümkün gələcək xüsusi iqtisadi zonaların parametrlərini işləyib hazırlamaq məqsədilə işçi qrup yaradılmalıdır.
"Biz elə bir vəziyyətdəyik ki, ruslar Donetsk vilayətindən çıxmağımızı istəyirlər, amerikalılar isə elə bir yol tapmağa çalışırlar ki, bu, "çıxış” olmasın. Çünki biz çıxışa qarşıyıq. Onlar bu məsələni demilitarizasiya zonası və ya azad iqtisadi zona formatında həll etməyə çalışırlar – yəni hər iki tərəfin baxışlarını təmin edə biləcək bir model tapmaq istəyirlər”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, azad iqtisadi zona variantı suveren dövlət üçün belə bir yolu seçmək baxımından potensial imkan ola bilər. Bununla yanaşı, prezident "potensial” sözünə xüsusi diqqət çəkib.
"Biz hesab edirik ki, iqtisadi zonalar kimi potensial imkanlar dövlət üçün mümkündür. Bu, bizim dialoq siyasətimizdir. Diqqət yetirin ki, "ərazilər”lə bağlı 14-cü bəndin əvvəlindən bütün vilayətlər qeyd olunub. Biz deyirik: əgər bütün vilayətlər daxildirsə və biz hazırda dayandığımız yerdə qalırıqsa, razılaşa bilərik. Məhz buna görə də burada "potensial zonalar” ifadəsi yazılıb”, – deyə Zelenski əlavə edib.
Prezident qeyd edib ki, danışıqlar "harada dayanmışıqsa, orada qalırıq” formulu üzrə uğursuz olarsa, hadisələrin inkişafı üçün iki variant qalır. Birinci variant müharibənin davamıdır. İkinci variant isə bütün potensial iqtisadi zonalarla bağlı məsələnin həllidir. Bu halda razılaşmanın qüvvəyə minməsi üçün Rusiya Dnepropetrovsk, Nikolayev, Sumi və Xarkov vilayətlərindən qoşunlarını çıxarmalıdır.
"Ərazilərin dəyişdirilməsi” barədə söhbəti xatırlayın. Heç kim sonadək başa düşə bilmirdi ki, ərazilərin dəyişdirilməsi nə deməkdir. Bax, onların təklifi məhz bu idi. Təklif belə görünürdü ki, onlar bu vilayətlərdən çıxırlar və istəyirlər ki, biz Donbasdan çıxaq, orada isə "azad iqtisadi zona” yaradılsın.
Əgər biz Donbasda potensial azad iqtisadi zonaya gəlib çatsaq, izah edirik ki, Ukrayna qanunvericiliyinə əsasən, bunu edə bilmərik. Hətta potensial olaraq belə”, – deyə Zelenski vurğulayıb.
Prezident izah edib ki, hər hansı əraziyə xüsusi status verilməsi məsələsi ortaya çıxarsa, Ukraynada referendum keçirilməlidir.
"Yalnız referendum insanlarla bu yolun qəbul edilib-edilmədiyini müəyyən edə bilər – əgər Ukraynaya edilən təklif "ya bu, ya da müharibədirsə”, – deyə Zelenski bildirib.
Daha əvvəl Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirmişdi ki, Ukrayna sülh danışıqları zamanı, o cümlədən ərazi məsələsində müəyyən güzəştlərə gedə bilər. Bununla belə, o vurğulamışdı ki, bu yalnız Kiyevə etibarlı təhlükəsizlik zəmanətləri verildiyi halda mümkündür.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bəyan edib ki, ərazilərdən imtina Ukrayna üçün qəbuledilməzdir. O qeyd edib ki, ədalətli sülh əvvəlcədən şərtlər yaratmayan bir model olmalıdır və müharibə başa çatdıqdan sonra Ukrayna üçün məhz belə bir ədalətli sülh qurulmalıdır.
Alpər
Şərhlər