Xəbər lenti

40 yaşdan sonra zirvəyə yüksələn sahibkarların hekayəsi
Dünya 10:10 16.11.2025

40 yaşdan sonra zirvəyə yüksələn sahibkarların hekayəsi

Cəmiyyət çox vaxt uğuru gəncliklə bağlayır. Elə bil 20 yaşında ideya, 25 yaşında startap, 30 yaşında milyonluq biznes olmalıdır. Amma reallıq tamam fərqlidir. Dünyanın ən tanınmış brendlərinin bir qismi elə şəxslər tərəfindən qurulub ki, onlar uğura 40 yaşdan sonra çatıb. Bəziləri həyatını dəyişmək üçün gec sayılan yaşda risk edib, bəziləri isə illərlə topladıqları təcrübəni bir anda doğru istiqamətə yönəldib.

Valyuta.az xəbər verir ki, bu insanların hekayəsi göstərir ki, zaman bəzən maneə deyil, üstünlükdür.

Yaşla birlikdə formalaşan xarakter, qərar yetkinliyi və daha aydın prioritetlər uğurun əsas açarına çevrilir.

Rey Kroq buna ən parlaq nümunələrdəndir. O, uzun illər süd kokteyli aparatları satmaqla dolanırdı və biznesdə böyük uğuru heç cür tapa bilmirdi. Amma 52 yaşında kiçik bir ailə restoranı - "McDonald’s”ı kəşf edəndə hər şey dəyişdi. Onun gördüyü sadə bir şey idi: səmərəli sistem və insanlara sürətli xidmət. Kroq həmin modeli genişləndirərək dünyanın ən böyük fast food brendinə çevirdi. Bu, yaşın maneə deyil, təcrübənin kapital olduğunu göstərən hekayədir.

Moda dünyasının simalarından biri olan Vera Vanq da uğura gec çatanlardandır. O, əvvəlcə fiqurlu konkisürmə ilə məşğul idi, sonra jurnalistika ilə. Moda dizaynına isə 40 yaşında başladı. İlk gəlinlik kolleksiyasını təqdim edəndə moda evləri onun yaşını problem kimi görürdü. Amma Vera Vanq öz dəst-xəttinin unikallığını sübut etdi və bu gün "Vera Wang” dünya dəbinin tanınmış brendlərindən biridir. Onun hekayəsi yaşın yaradıcılığı məhdudlaşdırmadığını göstərir.

Harland Sanders isə uşaqlıqdan çox işdə çalışan adamlardan idi. O, müxtəlif peşələrdə özünü sınadı, amma uğur heç vaxt yaxınlaşmırdı. 65 yaşında öz toyuq resepti ilə restoranlara təklif verməyə başladı və saysız rədd cavabları aldı. Amma o dayanmadı. Bir neçə il sonra "KFC” dünya üzrə yüzlərlə filialı olan nəhəng şəbəkəyə çevrildi. Sanders sübut etdi ki, sabitlik axtarmaq yox, cəhd etmək insanı irəli aparır.

Bu insanların məni maraqlandıran tərəfi yalnız gec başlayan uğur deyil, onun psixologiyasıdır. Yaş artdıqca insan daha yaxşı dəyərləndirir nə istədiyini və nəyə vaxt itirməməli olduğunu. Gec başlamaq bəzən daha cəsarətli addım olur, çünki artıq həyatın reallığını görürsən və qərarlarında daha səbrli olursan.

Uğur gənclərlə məhdudlaşmır. Gec başlamaq bəzən ən doğru başlanğıcdır. Əsas olan yaş yox, cəsarətdir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->