Xəbər lenti

Dünya 15:28 09.03.2026

"Boeing" üçün son şans: F-47 rekord müddətdə ilk uçuşunu edə bilər

ABŞ Hərbi Hava Qüvvələri altıncı nəsil F-47 qırıcısının hazırlanmasının plan üzrə davam etdiyini bildirib. Təyyarənin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsi nəzərdə tutulur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Digi24” nəşri yazır.

Təyyarənin kritik silah sistemlərinə cavabdeh olan general Deyl Uayt jurnalistlərə bildirib ki, layihə uğurla irəliləyir: "Biz olduqca yaxşı nəticə göstəririk. "Boeing" kadr potensialının gücləndirilməsi istiqamətində əla iş görüb. Belə proqramların ilkin mərhələlərində adətən işçi sayının artması müşahidə olunur və onlar bu prosesi çox yaxşı idarə ediblər".

Generalın sözlərinə görə, ilk F-47 qırıcısı artıq "Boeing” zavodunda istehsal mərhələsindədi: "Biz proqramın əvvəlində müəyyən üstünlük əldə etdik və bu, zamanla çox yaxşı nəticələr verdi".

Nəşr qeyd edir ki, bu açıqlama son illərdə "Boeing” şirkətinin bir sıra ciddi problemlərlə üzləşdiyi dövrdə səsləndirilib. Jurnalistlər xatırladır ki, şirkət 2024-cü ili təxminən 12 milyard dollar zərərlə başa vurub, ötən il bəzi aktivlərini satışa çıxarıb və maliyyə itkiləri ilə üzləşməyə davam edir.

"Defense Express”in məlumatına görə, şirkət xüsusilə "KC-46A” yanacaqdaşıyan təyyarələrində aşkar edilən çatlar səbəbindən problemlə üzləşib. Bu isə genişmiqyaslı yoxlamalara və istehsalın müvəqqəti dayandırılmasına səbəb olub.

Bundan əlavə, "T-7A Red Hawk” təlim təyyarəsi layihəsi də iki il gecikdirilib.

Ekspertlərin fikrincə, altıncı nəsil F-47 qırıcısı üzrə müqavilə "Boeing” üçün həlledici ola bilər və ya şirkət üçün böyük uğur gətirəcək, ya da onun gələcəyinə ciddi təsir göstərəcək.

Daha əvvəl "The War Zone” nəşri yazmışdı ki, "Boeing” ABŞ Hərbi Hava Qüvvələri üçün F-47 altıncı nəsil qırıcısının istehsalına başlayıb. Təyyarənin ilk uçuşu 2028-ci ilə planlaşdırılıb.

ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi general Devid Olvinin sözlərinə görə, F-47 qırıcısının döyüş radiusu 1000 dəniz milindən (təxminən 1852 kilometr) çox olacaq və o, 2 Maxdan artıq sürətə (təxminən 2450 km/saat) çata biləcək.

Məlumata görə, altıncı nəsil yeni qırıcılar mövcud Amerika qırıcıları ilə müqayisədə əməliyyat radiusunu ən azı 25 faiz artıracaq. Bundan əlavə, F-47 yeni nəsil "stealth” – yəni radarlara görünməzlik texnologiyası ilə təchiz ediləcək.

Aydın

--> -->