"Kasıbın peşəsi varlının pulunu saymaqdır” – deyiblər. İndi belə çıxmasın, mən də oturub bizim partiyaların alacağı pulu hesablayıram və ürəyimdə özümü qınayıram ki, sən niyə vaxtında özün üçün balaca bir "siyasi dükan”, çox üzr istəyirəm, kiçicik siyasi partiya açmadın!
Hərçənd ki, hələ tamam, dəqiq bilmirəm, partiyalara "maaş”lar verilməyə başlanıb, yoxsa bu da hələ sadəcə, bir niyyət və vəddir?
Bir ara belə dedilər ki, guya parlament seçkilərində iştirak edən partiyalar da maliyyə alacaqlar. Yəni bizdə də başa düşürlər ki, tamam partiyalarsız keçinmək mümkün deyil, hərçənd, onlara mandat ayırmaq və yaxud da onların düzgün seçkidə ədalətli şəkildə mandat qazanmasına mane olmamaq da bir az müşküldür, heç də asan məsələ deyil.
Fəqət onlara göstərdikləri böyük xidmətə, fəallığa və xüsusən də fədakarlığa görə beş-on manat ayırmaq olar: onların da seçkilərdə iştirak etməyə, siyasətlə məşğul olmağa bir maraqları olmalıdır, ya yox?
Elə partiyalarımız da buna qatlaşmağa hazır kimi görünür, heç olmasa, arvad-uşaq evdə üzlərini danlamasın ki, sən nə vaxtsa evə pul gətirəcəksən, ya yox? Həm də lap Məşədi İbad demişkən: "O olmasın, bu olsun!” Bəli, mandat olmasın, nağd pul olsun! Nə olar ki? Deputat da məhz ona görə olmurlarmı ki, pul qazansınlar?..
Odur ki, mən bəndəniz bizim iyirmidən çox partiyanın başçılarını qınamıram. Təkcə ona görə yox, İsa Məsih "İncil”də "İttiham etməyin, sizi də ittiham etməzlər” deyir. Həm də ona görə ki, indi cəmi dünyada çox qarmaqarışıq proseslər gedir, elə bu səbəbdən də nə verirlərsə, götür və Tanrına şükr et, çünki verməyə də bilərlər, necə deyərlər, bəy verən atın dişinə baxmazlar...
Həm də bütün dünyada siyasət "pul qazanmaq sənəti”nə çevrilir və bu, heç vaxt indiki kimi, belə çılpaq olmamışdı: dünyanı oliqarxiyalar idarə edir və onların isə ən yaxşı halda rəhminə ümid etmək olar, istəsələr, heç bunu da etməzlər...
Odur ki, qəti başınızı ağrıtmaq istəmirəm, amma burada fikir məni bir az uzaqlara aparır.
Doxsanıncı illərdə bir ABŞ milyarderi vardı – Ross Pero. İki dəfə - 1992 və 1996-cı illərdə prezident seçkilərində iştirak etdi, amma hər ikisində vəkil Bill Klintona uduzdu. O vaxt məndə belə fikir yarandı ki, böyük siyasətdə böyük pullar at oynatsa da, hər halda, siyasət tamamilə pul da demək deyil, burada başqa meyarlar da rol oynayır.
Amma bunu indi – Tramp və dəstəsi hakimiyyətə gələndən sonra deyə bilmirəm. Üstəgəl, hələ bundan da bir az əvvəl neçə-neçə amerikalı politoloq haray çəkirdi ki, bəs ABŞ-da oliqarxiya hakimiyyəti götürüb!
Bu termin – oliqarxiya, az qala, Platonun və Aristotelin dövründən işlənməyə başlayıb və hətta bu iki nəhəng filosof da bunu heç də müsbət mənada işlətməyib.
Belədəsə, onun ən sadə və yaxud da anlaşıqlı yozumu budur ki, oliqarxiya siyasi və iqtisadi hakimiyyətin birləşməsi və bir neçə adamın əlində cəmləşməsidir.
Təsəvvür edin, hər şey bir yana, ABŞ-da 400-500 adamın sərvəti ölkə vətəndaşlarının yarısının sərvətindən çoxdur!
Aydın məsələ idi ki, belə hal gec-tez ABŞ-ın böyük siyasətində əksini tapacaq və bu hazırda baş verir: Tramp və İlon Mask (may ayında vəzifəsindən uzaqlaşacağı, amma baş məsləhətçi kimi qalacağı bildirilir) ölkənin siyasətini az qala, böyük şouya çevirib və heç kim də demir ki, lap tutaq, Tramp bir yana, axı Maskın siyasətdə nə işi var?
Mən heç vaxt böyük kapital təmsilçilərini sevməmişəm, çünki onların bu qədər gəliri necə əldə etməsini düşünərkən ilk ağla gələn "istismar” sözü olur. Axı ola bilməz ki, bu adamların şirkətlərində insanların böyük əksəriyyəti yaxşı maaş aldığı halda bir-iki adamın sərvəti az qala, yüz milyardlardan çox olsun!..
Nə bölgüdür bu? Axı nəyə görə belə olmalıdır? Çox təəssüf, bu sualın heç vaxt ağlabatan cavabı tapılmır: doğrudanmı, hətta universiteti tamam bitirməmiş Bill Qeyts və yaxud da indi meydan sulayan İlon Mask hamıdan ağıllıdır?
Başa düşürəm, "biznes ideyası” deyilən anlayış da var və hər adamın ağlına gəlmir bu! Bir dəfə hesablamışdılar ki, əslində Eynşteyn dünyanın ən varlı adamı olmalı idi, amma olmadı.
Bu boyda adam adi bir alim həyatı (onunçün məxsusi Prinston Fundamental Tədqiqatlar İnstitutu açılsa da, ona hətta köməkçi tədqiqatçılar ayrılsa da!) yaşadı. Bəlkə də ona görə ki, o öz kəşflərini "biznes ideyası”na qədər inkişaf etdirməyə çalışmadı, hərçənd, texniki ixtiraçılığa, yəni mühəndisliyə böyük həvəsi vardı, amma özünü yalnız böyük nəzəriyyəçi fizik kimi təsdiq edə bildi.
Burada onun siyasətə münasibətini də qeyd etmək istərdim. Düşünürəm, bu, məsələn, Mask cənabları üçün də önəmli ola bilər.
Vaxtilə Eynşteynə İsrailin ilk prezidenti olmaq təklif edildi. Amma imtina etdi və dedi ki, siyasət adamı deyil, halbuki İsraildə prezident həmişə simvolik fiqur olub!
O ki qaldı oliqarxiyanın siyasi məqamlarına, çox varlı adamlar, böyük kapital heç vaxt demokratiyaya – filana maraqlı olmur, daha doğrusu, müəyyən müddətə qədər iqtisadi azadlıqları dəstəkləyirlər, fəqət, elə ki, əllərində böyük kapital cəmləşir, xüsusən də siyasi hakimiyyəti ələ keçirirlər, başlayırlar inhisarçılığa, hətta sosial hüquqları belə pozmağa!
Hələ ötən doxsanıncı illərdə diqqətimizi bir detal cəlb etmişdi: dünya QHT-ləri, hüquq-müdafiəçiləri trans-milli şirkətləri insan hüquqlarının pozucusu kimi hətta dövlətlərlə bərabər tuturdular! Bəli, onlar hər yerdə ucuz və hüquqsuz, demək olar, müdafiəsiz işçi qüvvəsi axtarırlar! Bu elə bir vaxt idi ki, yeni dövlətlər, o cümlədən də gənc post-sovet ölkələri, əksinə həmin trans-milli şirkətlərə yalvarırdı ki, gəlin bizim sərvətlərimizi hasil edin və bizə də bu sərəvətlərin, heç olmasa, bir hissəsini verin, ələlxüsus da, siyasi proteksiyanızı – himayənizi bizim üçün açın, bizim aça bilmədiyimiz bəzi qapıları siz açın bizim üçün...
Bəli, böyük kapital – oliqarxiya təkcə ABŞ-da hakimiyyətini rəsmiləşdirmədi. Hətta post-sosialist və post-sovet ölkələrinin çoxunu oliqarxlar idarə edir.
O gün oxuyuram ki, bəs keçmiş Ukrayna prezidenti, oliqarx P.Poroşenko ötən il yüz milyon dollardan çox qazanıb! Sual olunur: Xeyir ola? Necə olur ki, ölkə müharibə içində boğulur-batır, amma bunların sərvəti ildən-ilə artır?
İndiki hakimiyyətlə bağlı söz deyə bilmərəm, amma hətta indinin özündə də bəziləri ölkəyə yönəldilən milyardlarla dollar maliyyə dəstəyinin çox hissəsinin harasa sovrulduğu haqda haray çəkirlər.
Elə götürək böyrümüzdəki Gürcüstanı! Neçə illərdir, onu bir rusiyapərəst oliqarx "fırlatmırmı”? Ona görə etiraf etmək lazım gəlir ki, bəli, dünya böyük kapital – oliqraxiya qarşısında çoxdan təslim olub, elə bu səbəbdən hələ çox siyasi sürprizlər olacaq. Bunları nə demokratiya maraqlandırır, nə də bazar iqtisadiyyatı! Daha çox sərvət, daha çox maddi kapital və daha çox da hakimiyyət – bunların can atdığı hədəflər budur. Hətta onu da unudublar ki, bizim hamımızın bir planeti var və o, bütün insanlığın -bəşəriyyətindir.
Elə bu səbəbdən bir daha deyirəm ki, cəmi dünya siyasətində çox eybəcər dövr başlayıb. Bəlkə də çox çəkəcək bu, bəlkə də, əksinə dörd ildən sonra təzədən hər şey yerini tutacaq! Bunu heç kim dəqiq bilmir.
Bildiyimiz odur ki, dünyada oliqarxların pulu çox olsa da onların sayı bütün dünyadakı adi demokratların sayından qat-qat azdır – bu, dünya demokratlarının ən böyük üstünlüyüdür. Odur ki, çalışaq, azadlığımızı bazara çıxarmayaq: onların böyük pulu, bizimsə səslərimiz var! Əgər dünyada kimisə oliqarxların rəhmi, səxavəti, qəpik-quruşu qane edirsə, bu da onların öz işidir...
Hüseynbala Səlimov
Şərhlər