Tədqiqatçılar Alyaskadakı Permafrost Tuneli Tədqiqat Mərkəzindən götürdükləri mikroskopik orqanizm nümunələrini laboratoriyada araşdırıblar. Alimlər Con Karpenterin 1982-ci ildə çəkdiyi "The Thing” (Şey) adlı qorxu klassikasında olduğu kimi, planetin donmuş torpaqlarında (permafrostda) yaşayan qədim canlıları tədqiq edirlər.
Xoşbəxtlikdən, tapılan bu orqanizmlər filmdəki forma dəyişdirən canavar qədər təhlükəli deyil. Lakin onların daşıdığı potensial risk, qlobal istiləşmənin təhlükəli nəticələrindən biri ola bilər.
Qaynarinfo xəbər verir ki, yeni nəşr olunan araşdırmaya görə, təxminən 40 min ildir donmuş vəziyyətdə qalan mikroorqanizmlər Arktika bölgələrində temperaturun artması nəticəsində yenidən aktivləşərsə, atmosferə karbon qazı (CO₂) və metan (CH₄) buraxaraq iqlim böhranını daha da dərinləşdirə bilər.
Yer səthindən 100 metr dərinlikdəki tunellər
Araşdırmanın əsas müəllifi Tristan Karo və komandası Alyaskanın mərkəzində yerləşən Permafrost Tuneli Tədqiqat Mərkəzində müşahidələr aparıblar. Yer səthindən təxminən 100 metr dərinliyə uzanan bu tunelin divarlarında hətta mamut və bizon sümükləri hələ də görünür.
Karo tüneldəki ilk təəssüratını "Popular Mechanics" jurnalına belə təsvir edib:
"İçəri girən kimi dərhal pis bir qoxu hiss edirsiniz. Uzun müddət bağlı qalmış, nəmli bir zirzəmi kimi. Amma bir mikrobioloq üçün bu çox həyəcanvericidir, çünki maraqlı qoxular adətən mikroblardan gəlir.”
Mikroblar 6 ay ərzində aktivləşdi
Tədqiqatçılar son buzlaşma dövründən qalan mikrobların nümunələrini topladıqdan sonra onlara ağır su əlavə edib temperaturu təxminən 12 dərəcə səviyyəsinə qaldırıblar. Məqsəd — gələcək iqlim şəraitində Alyaska yayını təqlid edərək mikrobların necə reaksiya verəcəyini müşahidə etmək idi.
Əvvəlcə mikroblar çox yavaş hərəkət edirdi; hər 100 min hüceyrədən yalnız biri bir gün ərzində yenilənirdi. Lakin 6 ayın sonunda mikrob koloniyaları yenidən formalaşaraq gözlə görünən biofilm təbəqələri əmələ gətirdi. Bu qədim orqanizmlər müasir mikroblardan fərqli olsalar da, eyni dərəcədə aktiv idilər.
Bu nəticələr alimləri narahat edir. Çünki Arktika bölgəsi dünyanın digər hissələrindən dörd dəfə daha sürətlə isinməkdədir; yay mövsümü uzanır və istilik torpağın daha dərin qatlarına çatır. Bununla belə, araşdırma göstərir ki, mikrobların tam "oyanması” aylarla çəkir, yəni onların təsiri yalnız uzunmüddətli isti dövrlərdən sonra üzə çıxa bilər.
Karo gələcək üçün belə xəbərdarlıq edib:
"Alyaskada bir günlük istilik təhlükəli deyil. Əsl təhlükə odur ki, yay mövsümü uzanaraq istilik payız və yaz aylarına qədər davam etsin. Alyaska, Sibir və digər şimal bölgələrində çox geniş permafrost sahələri mövcuddur. Biz hələ onların çox kiçik bir hissəsini araşdıra bilmişik.”
Günay
Şərhlər