Yaponiyada ictimai asayişi pozan turistlərə qarşı saxlanma və deportasiya prosedurlarının sürətləndirilməsi müzakirələrə səbəb olub. Sosial mediada bu tədbirlər istehzalı şəkildə "suşiləşdirmə” adlandırılsa da, rəsmi qurumlar bunun mövcud qanunvericiliyə uyğun həyata keçirildiyini və ictimai təhlükəsizliyin prioritet olduğunu bildirirlər.
Qaynarinfo-nun Yaponiya Ədliyyə Nazirliyi və Yaponiya Miqrasiya Xidmətləri Agentliyinin məlumatına istinadən xəbərinə görə, son illərdə xüsusilə böyük şəhərlərdə və populyar turizm bölgələrində dava salan, vandalizm edən və ya ictimai qaydaları pozan turistlərə qarşı tədbirlər sürətləndirilib. Bildirilir ki, viza şərtlərini pozan və ya ictimai təhlükəsizliyə təhdid yaradan şəxslər saxlanılır və zəruri hallarda deportasiya edilir.
Sosial mediada yayılan bəzi videolarda polis əməkdaşlarının qaydaları pozduğu iddia edilən xarici turistləri yerə uzadaraq qandalladığı və saxladığı görünür. Bu görüntülər bəzi istifadəçilər tərəfindən istehzalı şəkildə "suşiləşdirmə” adlandırılsa da, Yaponiya rəsmiləri bunun standart təhlükəsizlik proseduru olduğunu vurğulayırlar.
Pandemiyadan sonra turizmi bərpa etmək məqsədilə ölkə sərhədlərini yenidən açan Yaponiya rekord sayda turist qəbul etməyə başlayıb. Xüsusilə Kyoto, Osaka və Tokyo kimi şəhərlərdə həddindən artıq turizm yerli əhalinin narazılığına səbəb olub. Bəzi yerli idarəetmə orqanları turist axınını azaltmaq üçün əlavə vergilər və məhdudiyyətlər tətbiq ediblər.
Rəsmilər bildirirlər ki, ictimai asayişi pozan davranışlara qarşı "sıfır tolerantlıq” siyasəti tətbiq olunur. Ekspertlər qeyd edirlər ki, Yaponiya qanunvericiliyində ictimai təhlükəsizliyə təhdid yaradan xarici vətəndaşların deportasiyası yeni praktika deyil, lakin son dövrdə nəzarət tədbirləri daha da gücləndirilib.
İnsan hüquqları müdafiəçiləri isə saxlanma zamanı güc tətbiqinin proporsional olması və hüquqi təminatların qorunmasının vacibliyini vurğulayırlar. Yaponiya rəsmiləri ölkəyə gələn bütün turistlərin yerli qanunlara riayət etməli olduğunu və ictimai qaydaları pozanlara qarşı müvafiq tədbirlərin görüləcəyini bildiriblər.
Günay
Şərhlər