Yaponiyalı alimlər Xirosimaya atılan atom bombası nəticəsində həyatını itirmiş bir uşağın kimliyini ilk dəfə DNT analizi vasitəsilə dəqiqləşdiriblər.
Qaynarinfo xəbər verir ki, söhbət 1945-ci il hücumundan sonra itkin düşmüş kimi qeydə alınan 13 yaşlı Hatsue Kajiyamadan gedir.
Xirosima Bələdiyyəsinin yaydığı məlumata görə, araşdırma Hatsue Kajiyamanın ailəsinin müraciəti əsasında aparılıb. Ailə üzvləri Hiroşima Sülh Memorial Parkında saxlanılan kül və saç nümunələrinin başqa bir ad – "Miçiko Kajiyama” ilə qeydiyyata alındığını görərək, bunun sənəd səhvi ola biləcəyini bildiriblər.
Müraciətdən sonra Kanagava Diş Universitetinin mütəxəssisləri kül və saç nümunələri üzərində DNT analizi aparıblar. Analiz zamanı nümunələr Hatsue Kajiyamanın hazırda sağ olan 91 yaşlı bacısından götürülmüş DNT ilə müqayisə edilib. Araşdırmanın nəticələri qalıqların həqiqətən Hatsue Kajiyamaya aid olduğunu təsdiqləyib.
Mütəxəssislər bildiriblər ki, bu hadisə atom bombası hücumları zamanı həlak olmuş və şəxsiyyəti indiyədək müəyyən edilməyən insanların kimliklərinin aşkara çıxarılması baxımından mühüm mərhələdir. Qeyd olunur ki, Xirosima Sülh Memorial Parkında təxminən 70 min nəfərə aid kimliyi naməlum qalıqlar saxlanılır və gələcəkdə yaxınların müraciəti əsasında oxşar DNT analizlərinin aparılması mümkün ola bilər.
Günay
Şərhlər