Müasir İraq ərazisində mövcud olmuş Şumer sivilizasiyası dünyanın ən qədim mədəniyyətlərindən biri sayılır. Lakin alimlər bu mədəniyyətin necə formalaşdığını hələ də tam anlamaqda çətinlik çəkirlər.
Qaynarinfo xəbər verir ki, "PLOS One" elmi jurnalında dərc edilən yeni tədqiqat bu məsələ ilə bağlı maraqlı cavab təqdim edir.
Tədqiqatın müəllifləri — Massaçusets ştatındakı "Woods Hole" Okeanoqrafiya İnstitutundan Liviu Ciosan və Texasdakı "Rays" Universitetindən Rid Qudman — müasir texnologiyalarla arxeoloji tapıntıları birləşdirərək qədim Mesopotamiyanın landşaftını bərpa etməyə nail olublar. Əsas dəlil 2022-ci ildə qədim Laqaş (müasir Tell-əl-Hiba, İraq) şəhəri ərazisində çıxarılan 25 metrlik torpaq nümunəsi olub. Bu "geoloji gündəlik” – gil, qum və orqanik qalıq qatları – bir vaxtlar Fars körfəzinin çox daha dərin materikə doğru uzandığını göstərib.
Peyk şəkilləri və radiokarbon analizləri sübut edib ki, 7–6 min il əvvəl Fars körfəzi nəhəng deltaya çevrilmişdi. O dövrdə körfəz suları gündə iki dəfə Tigr və Fərat çaylarının axınını geri çevirərək, təzə suyu materikə doğru itələyir, beləliklə təbii "suvarma sistemi” yaradırdı. Bu proses nəticəsində geniş bataqlıq çəmənliklər formalaşır, quru düzənliklər tədricən məhsuldar oazislərə çevrilirdi.
Bu təbii mexanizm sayəsində erkən Şumer fermerləri hələ süni kanallar tikmədən xurma, dənli və tərəvəz bitkiləri yetişdirə bilirdilər. Dalğalar özləri tarlaları sulayırdı, bu isə artıq qida istehsalına və əhalinin artımına gətirib çıxarmışdı.
Məhz bu ekoloji sabitlik Şumerin mədəni yüksəliş dövrü ilə üst-üstə düşüb. E.ə. təxminən 6000–5200-cü illərdə Ubayd mədəniyyətinə aid kiçik kəndlər birləşərək ilk iri şəhərlərə çevrilmişdi. Ən parlaq nümunə — təxminən 250 hektar ərazini əhatə edən və 25 minə yaxın əhalisi olan Uruq şəhəridir. Ərzaq bolluğu ixtisaslaşmaya və sosial təbəqələşməyə səbəb olmuş, Şumerdə yazı, təkər və dövlət idarəçiliyi kimi yeniliklərin yaranmasına zəmin yaratmışdı.
Lakin təbiət daim dəyişir. Təxminən 5 min il əvvəl Tigr və Fərat çaylarının deltaları Fars körfəzinə doğru irəliləyib və artıq dalğalar çay sularını geri qaytara bilməyib. Nəticədə Şumer şəhər-dövlətləri — Ur, Uruq və Laqaş — məcburən süni suvarma sistemlərinə keçiblər. Onlar böyük kanallar, bəndlər və su körpüləri (akveduklar) tikməyə başlayıblar.
Bu dəyişiklik sosial quruluşu da formalaşdırıb: su üzərində nəzarət hakimiyyətin əsas vasitəsinə çevrilib, resurs uğrunda rəqabət isə erkən siyasətin təməlini qoyub.
Aydın
Şərhlər