2023-cü ilin yazında, müharibənin qızğın dövründə, bir dəfn bürosunun direktoru ilə yerli idarə rəsmisi Dneprdəki morqdan 23 hərbçinin cənazəsinin daşınması üçün pulla razılığa gəlmək məqsədilə şəhər qəbiristanlığında görüşüblər.
Qaynarinfo "The Wall Street Journal”a istinadla yazır ki, prokurorluğun məlumatına görə, idarə rəsmisi müqaviləni dəfn bürosuna verməyə razılaşıb və müqabilində şəhər şurasının ödəyəcəyi məbləğin dörddə birini nağd şəkildə tələb
edib.
Prokurorlar bildirirlər ki, həmin ayın sonlarında dəfn bürosunun direktoru rəsmi şəxsə onun payını – 13 200 qrivna – şəxsən çatdırıb.
"Xırda korrupsiya Ukraynada və keçmiş SSRİ-nin bir çox digər ölkələrində geniş yayılmış hadisədir. "Transparency International”ın məlumatına görə, Ukrayna 180 ölkə arasında korrupsiya qavrayışı indeksində 105-ci yeri tutur”, – məqalədə deyilir. Lakin Poltavada qəbiristanlıqda baş verən rüşvət hadisəsinin istintaqı göstərir ki, korrupsiya ukraynalıları həyatlarının bütün mərhələlərində, hətta ölümündən sonra da izləyir.
Jurnal yazır ki, dəfn büroları tez-tez polis, təcili yardım və fövqəladə xidmət əməkdaşlarına ölüm halları barədə ilk məlumatı verdikləri üçün pul ödəyirlər. Hərbçilərə ehtiramla yanaşılmasına baxmayaraq, onların dəfnləri də korrupsiyalı məmurlar üçün gəlir mənbəyinə çevrilib.
Məlumata görə, bəzi dəfn şirkətləri hərbi cənazələrin daşınması və dəfninə dair iri müqavilələri əldə etmək üçün rüşvət verirlər. Polis bildirir ki, bu bürolar tabut və başdaşıları üçün qiymətləri şişirdir, artıq qazancı isə məmurlarla bölüşürlər.
"Vətən müharibəsi insan faciəsi üzərində qurulan yeni korrupsiya sxemləri üçün münbit şərait yaradır”, – deyə Ukrayna Milli Polisinin baş müstəntiqi Nikolay Lıskо bildirib.
Poltavada baş vermiş hadisəyə toxunan jurnal yazır ki, yerli idarə rəsmisi Sergey Neçiporenko cəbhədən cənazələrin daşıması üçün bir şəxsə ehtiyac duyduğu üçün dəfn bürosunun direktoru Aleksandr Burqartla əlaqə saxlayıb. Prokurorluğun versiyasına görə, tərəflər qəbiristanlıqda görüşüb və razılaşıblar: Burqart morqdan cənazələri daşıyacaq, Neçiporenko isə – o zaman ritual xidmətlər idarəsinin rəis müavini – öz "payını” alacaq.
Sonradan onlar yenidən görüşüb pulla razılaşmanı həyata keçiriblər. Neçiporenko ittihamları rədd edir. Onun vəkili bildirir ki, mübahisəli müqavilələr Neçiporenko həmin vəzifəyə təyin olunmamışdan əvvəl imzalanıb. Hazırda o, müvəqqəti olaraq işdən uzaqlaşdırılıb. Burqart isə – heç bir ittiham irəli sürülməyib – bildirir ki, Neçiporenko əlavə "haqq” tələb etdikdən sonra özü polisə müraciət edib.
"Heç kim günahsız deyil, amma hesab edirəm ki, hər şeyin bir həddi var… xüsusilə də cəbhədə gənc oğlanlar ölürsə”, – deyə Burqart vurğulayıb.
Belə rüşvət hadisələri təkcə Poltavada deyil. Keçən ay Krivoy Roqda polis səkkiz yerli məmuru və bir dəfn bürosu sahibini hərbi cənazələrin daşınması və dəfn sahəsindəki korrupsiya əməllərində ittiham edərək saxlayıb.
Digər rəsmi şəxslər də bildirirlər ki, hərbçilərin dəfni ilə bağlı korrupsiya ölkə üzrə yayılıb – Odessadan Zaporojyeyədək.
Hərbçisini itirən ailələrə dövlət tərəfindən 15 min qrivna (təxminən 360 dollar) dəfn pulu verilir. Ailələr vida yerini seçə bilər, amma hansı şirkətin dəfni təşkil edəcəyini yox – ABŞ-dan fərqli olaraq, bu seçim onlara verilmir. Yerli hakimiyyətlər tender keçirir və dəfn büroları partiyalarla dəfn mərasimlərini keçirmək üçün yarışır.
Zaporojyedə bu proseslə tanış olan üç vəzifəli şəxsin sözlərinə görə, bəzi şirkətlər tenderi qazanmaq üçün rüşvət verirlər. Tender şərtləri bəzən elə tərtib olunur ki, yalnız bir şirkət qalib gələ bilsin – məsələn, yalnız müəyyən təchizatçının hazırladığı tabutlar tələb olunur.
Hərbçisini itirən ailələr bu sistemdən narazıdırlar. Məsələn, ukraynalı Larisa Ovçarenko öz piyada əsgər oğlunun dəfnini hansı şirkətin təşkil edəcəyini seçə bilməyib. Nəticədə təyin olunmuş dəfn bürosu ucuz tabut, sadə xaç və süni güllər təqdim edib.
Qadın öz vəsaiti hesabına daha yaxşı xaç və rəngli çınqıl almaq üçün 30 min qrivna (təxminən 723 dollar) xərcləyib. "Əgər seçim hüququm olsaydı, indi onun yanında olardım”, – deyə o, oğlunun məzarı tərəfə işarə edərək bildirib.
Daha əvvəl UNIAN xəbər verirdi ki, Kiyev meri Vitali Kliçko torpaq korrupsiyası ilə bağlı qalmaqallı araşdırma fonunda Kiyev Şəhər Dövlət Administrasiyasının (KŞDA) bir sıra yüksək vəzifəli şəxslərini vəzifələrindən azad edib. O cümlədən KŞDA sədrinin müavini Pyotr Oleniç, "Kiyevblagoustroystvo” kommunal müəssisəsinin müavini Aleksey Muşta və "Spetsjilfond”un direktor müavini Yuri Leonov vəzifədən azad olunublar.
Bundan əlavə, ABŞ-ın keçmiş prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ukraynadakı korrupsiya barədə kəskin açıqlama verib. Onun sözlərinə görə, Ukrayna hələ də dünyanın ən korrupsiyalaşmış ölkələrindən biridir.
Alpər
Şərhlər