"Tramp daha çox marketoloq siyasəti, yəni biznes təfəkkürü ilə hərəkət edir".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ Prezidenti Donald Trampın Strateji Hücum Silahları (START) müqaviləsinin uzadılması əvəzinə yeni razılaşma üzərində işləmək niyyətini şərh edərkən deyib.
Ekspert bildirib ki, Tramp öz fikrində dayanaraq strateji hücum silahları ilə bağlı məsələdə yeni razılaşmaya nail olmaq üçün Vladimir Putinin də onun təklifini qəbul etməsinə çalışacaq:
"O, merkantil siyasətçidir, şəxsi və dövlət maraqlarını güdür. Tramp bu fonda məqsədinə çatmaq üçün Ukrayna cəbhəsində hətta Rusiyaya güzəştə də gedə bilər".
Üzeyir Şəfiyev əlavə edib ki, ABŞ-ın yeni xarici siyasət və təhlükəsizlik doktrinasında Rusiyanı düşmən kimi deyil, əməkdaşlığa meylli vacib dövlət kimi qiymətləndirir:
"Tramp Rusiya ilə əməkdaşlıqda maraqlıdır, onu parçalamaqda yox. ABŞ Rusiyanın idarəolunan vəziyyətdə olmasını istəyir. Strateji Hücum Silahları ilə bağlı Trampla Putin arasında hansısa razılaşmaların mövcudluğu görünür".
Konfliktoloq həmçinin qeyd edib ki, post-Tramp dövrünü nəzərə almaq vacibdir:
"Tramp Bayden administrasiyası dövründə qəbul edilmiş bir çox qərarları ləğv edən sərəncamlar verib. Post-Tramp dövründə hakimiyyətə gələn qüvvə də indiki Prezidentin kursuna qarşı çıxa bilər. Dünya artıq keçici xarakter daşıdığının fərqindədir və Trampın siyasi şouları ona görə o qədər də ciddiyə alınmır. Bu baxımdan, Strateji Hücum Silahları məsələsində də post-Tramp dövrünü nəzərə almaq lazımdır".
Qeyd edək ki, 2010-cu ildə Vaşinqton və Moskva arasında bağlanan START müqaviləsinin qüvvədə olma müddəti dünəndən başa çatıb. Bu fonda Rusiya müqavilənin uzadılmasında maraqlı görünür. ABŞ Prezidenti Donald Tramp isə sosial şəbəkə hesabında yazıb ki, müqavilənin sadəcə uzadılması əvəzinə, uzun müddət qüvvədə qala biləcək yeni, modernləşdirilmiş razılaşma hazırlanmalıdır:
"ABŞ tərəfi üçün zəif razılaşdırılmış və kobud şəkildə pozulan START müqaviləsini uzatmaqdansa, nüvə üzrə mütəxəssislərimizə gələcəkdə qüvvədə qala biləcək yeni və daha yaxşı saziş hazırlamağı tapşırmalıyıq”.
Rüfət Sultan
Şərhlər